Görkəmli sənətkar Rəşid Behbudovun xatirəsi anıldı

 

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) vəfatının 26-cı ildönümü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olundu.

 

Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Sənətkarın qəbri üzərinə əklil qoyuldu, ruhuna dualar oxundu.

Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açdı, mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, görkəmli sənətkar ifaçılıqla yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: “Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı əbədiyaşar Mahnı Teatrı var. Teatr unudulmaz sənətkarın adını yaşadır. Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin bir mərhələsini təşkil edir”.

Vurğulandı ki, ifa etdiyi mahnılar, yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir. Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Sənətkarın ailə üzvləri ziyarətə qatılan hər kəsə dərin təşəkkürlərini bildirdilər.

* * *

Həmin gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış etdi. Proqramda böyük musiqiçinin repertuarından mahnılar səsləndi, Tofiq Quliyev, Niyazi, Arif Məlikov və başqa bəstəkarların əsərləri ifa olundu. Vaxtilə Rəşid Behbudovun ifasında sevilərək əbədilik qazanmış mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılandı. Orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərovdur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 5.