Birlik mövzusunda rəsm sərgisi

 

İyunun 5-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində təhsil müəssisəsinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə Birlik mövzusunda rəsm sərgisi açıldı.

 

ADRA-nın rektoru, akademik Ömər Eldarov sərgi barədə məlumat verərək, nümayiş olunan əsərləri yüksək dəyərləndirdi. Bildirdi ki, sərgidə azərbaycanlı rəssamlarla yanaşı, Meksikadan və ərəb ölkələrindən olan tanınmış rəssamların əsərləri nümayiş etdirilir. Sərginin əsas məqsədi 25-30 may tarixində muzey-sərgi kompleksində keçirilmiş Saf rənglər III beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində əməyi olanlara təşəkkür etməkdir.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirinin xanımı Heba Xurşid, Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydi çıxış edərək sərginin əhəmiyyətindən bəhs etdilər.

Sərgidə Heba Xurşid, meksikalı rəssam Marqarita Morales, Gülhan Baydemir, Xulia Rıhtım və digər qonaqların əsərləri nümayiş olunurdu. Azərbaycanlı rəssamlar Esmiralda Tağızadə, Cəlal Ağayev, Vüqar Abdullayev, Pərvin Əfəndi, Azər Səfərov, Ülviyyə Paşayeva və başqalarının əsərləri də sərgidə yer alıb.

Müxtəlif janrlarda, ümumilikdə 40-dək rəsm əsərinin nümayiş olunduğu Birlik rəsm sərgisi bir həftə davam edəcək.

Qeyd edək ki, mayın 25-dən 30-dək keçirilən Saf rənglər III beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalında 20-dək rəssamlıq studiyası və incəsənət məktəbi ilə yanaşı, Fransa, Kuba, Koreya, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fələstin və Hindistandan uşaqların əl işləri nümayiş olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 5.