Milli geyimlər mədəni irsi yaşadır

 

I Avropa Oyunları ərəfəsində milli geyimlərimizin sərgisi açılıb

 

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi İctimai Birliyi tərəfindən Bakı-2015 I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri sərgisi adlı layihə həyata keçirilir.

 

Layihənin məqsədi I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərdə milli geyimlərimiz, adət-ənənələrimiz və mədəniyyətimiz haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir.

İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsinin, ictimai birliyin təşkilatçılığı ilə Park Bulvar ticarət və əyləncə mərkəzində sərginin açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi İctimai Birliyinin sədri Cavid Quliyev layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Avropa Oyunları ilə bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gəlməsi gözlənilir. Milli geyimlərimizin, mədəniyyətimizin təbliği, qonaqlara layiqincə tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirdi ki, layihə Bakı-2015 I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət edir. Qeyri-hökumət təşkilatlarının belə layihələrdə iştirakı təqdirəlayiq haldır: Avropa Oyunları ərəfəsində qədim və zəngin mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan milli geyimləri sərgisi də bu qəbildən növbəti tədbirdir. Məqsəd ölkəmizə gələcək turistlərin diqqətini milli geyimlərimizə, irsimizə, bütövlükdə ölkəmizin tarixinə və mədəniyyətinə cəlb etməkdən ibarətdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev I Avropa Oyunları ərəfəsində təşkil olunan sərginin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, I Avropa Oyunları ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir.

Tədbir milli rəqs nümunələrinin nümayişi ilə davam etdi.

Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq qadın, kişi və uşaq milli geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Geniş kütlə üçün nəzərdə tutulan sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər. Sərgi 2 həftə davam edəcək. Layihə çərçivəsində sərginin həmçinin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı məlumat veriləcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 4.