Vaqif Mustafayev Rusiyanın Dostluq ordeni ilə təltif edilib

 

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin Dostluq ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. Sənətkar iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə təltif olunub.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Günü münasibətilə keçirilən tədbirdə Dostluq ordenini Vaqif Mustafayevə təqdim edib. Səfir Vaqif Mustafayevin xalqlar arasında sülhün, dostluğun və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində xüsusi xidmətlərini, müxtəlif xalqların mədəniyyətlərini zənginləşdirməsi istiqamətində səmərəli fəaliyyətini qeyd edib.

Xatırladaq ki, Vaqif Mustafayev kino sənətində nailiyyətlərinə görə bir sıra ölkələrin təltiflərinə - Gürcüstanın Şərəf ordeninə, Rusiya Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının Qızıl medalına, Avropa Televiziya və Radio Akademiyasının Beynəlxalq Olimp, Serbiyanın Dünya kino sənətinə töhfəsinə görə mükafatlarına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 4.