“Zamanın rəngləri”

 

İdman bayramı ərəfəsində daha bir rəsm sərgisi

 

İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin və “Qalereya 1969”un təşkilatçılığı ilə paytaxtımızda I Avropa Oyunlarına həsr olunmuş daha bir sərgi açıldı. “Zamanın rəngləri” adlı sərgidə görkəmli Azərbaycan rəssamlarının əsərləri yer alıb. Sərginin keçirilməsində məqsəd I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri və ölkə vətəndaşlarını qalereyada saxlanılan qiymətli əsərlərlə tanış etməkdir.

Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev I Avropa Oyunları ərəfəsində ölkəmizin mədəniyyətinin təbliği məqsədilə çoxsaylı tədbirlərin keçirildiyini vurğuladı.

Bildirdi ki, Avropa Oyunları zamanı teatrlarda, muzeylərdə, konsert salonlarında qonaqlara xüsusi proqramlar təqdim olunacaq. Sərgi barədə danışan nazir müavini ekspozisiyada nümayiş olunan əsərlərin Azərbaycan təsviri sənət tarixində mühüm yer tutduğunu diqqətə çatdırdı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov nümayiş olunan əsərlərin yüksək bədii dəyərə malik olduğunu bildirdi. Qeyd etdi ki, bu rəsmlər turistlərdə Azərbaycan rəssamlığı haqqında əyani təsəvvür yaradacaq.

Qeyd edək ki, “Zamanın rəngləri” sərgisində Azərbaycan rəssamlığının tanınmış nümayəndələrindən Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqalarının əsərləri yer alıb. Sərgidə nümayiş olunan əsərlərdə Azərbaycan tarixi və memarlığı xüsusi olaraq öz əksini tapıb. Rəsmlərin orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin böyük ustalıqla işləndiyini göstərir.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 9.