Muzeydə idman oyunlarımızın tarixi nümayiş olunur

 

Avropa Oyunları ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin idman oyunlarının tarixi ilə bağlı ekspozisiya bölməsi təkmilləşdirilib. Muzeydən bildiriblər ki, Azərbaycanda idmanı əks etdirən eksponatlar muzeyi ziyarət edən əcnəbi qonaqların böyük marağına səbəb olur. Burada XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çövkən oyunu miniatürü, pəhləvan şalvarı və zorxana idman alətləri nümayiş olunur.

Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərindəki rəsm bu oyunun hələ IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizəatma, atçapma, çövkən, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma, şahmat və s. idman oyunları geniş yayılıb.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 8.