Avropa Oyunlarının turist qrupları artıq Bakıdadır

 

Qonaqlara həm paytaxtda, həm də regionlar üzrə turlar təklif edilir

 

Avropa Oyunlarını izləmək üçün ölkəmizə turist qrupları gəlməkdə davam edir. İlk turist qrupları artıq Şəki və Qəbələdə olublar. Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov bildirdi ki, möhtəşəm idman yarışları günlərində ölkəmizə gələcək qonaqları qarşılamaq, müxtəlif turlar təşkil etmək bir neçə turizm şirkətinə həvalə olunub: «Bir həftədən çoxdur turistlər gəlməyə başlayıblar. Biz buna ciddi hazırlaşmışıq. Bakı və ətraf məkanlara turpaketlər təklif edirik. Turistlərin yaxın regionlara da səfərlərini təşkil edəcəyik. Bu, gələn qonaqların marağından da hiss olunur”.

Assosiasiya sədri bildirdi ki, ölkədaxili turlara Azərbaycan vətəndaşlarının marağı bu il daha da artıb. Bunun da əsas səbəbi ondan ibarətdir ki, artıq ölkəmizin regionlarında da yüksək standartlara cavab verən infrastruktur qurulub: «Yeni hotellər, istirahət mərkəzləri açılır. Ölkə daxilində vətəndaşa lazım olan istirahət imkanı varsa, istədiyi səviyyədə xidmətlə təmin olunursa, o zaman xaricə getməkdənsə ölkə daxilində istirahət sərfəlidir. Vətəndaşlar da bunları nəzərə alıb seçimlərini daxili turlara edirlər. Ölkə daxilində daha çox səfər edilən istiqamətlər Şəki-Qəbələ, Quba-Qusar zonasıdır. Bu regionlarda yay mövsümündə demək olar ki, boş yerlər tapmaq olmur. Digər bölgələrə, o cümlədən cənub və qərb rayonlarına da gedənlər çoxdur».

 

Türkiyə həmişəki kimi populyardır

 

Xarici ölkələrdə istirahətə gəlincə, həmsöhbətim bildirdi ki, Türkiyə istiqamətini seçənlər hər zaman olduğu kimi, bu il də çoxdur: «Bu ölkə hər zaman öz populyarlığını qoruyub saxlayır. Bunu həm xidmətin səviyyəsinə, həm də əlavə çeşidliliyinə görə demək olar. Birbaşa uçuşlar olduğuna görə Türkiyəyə gedənlərin sayı artır. Bir məqamı da diqqətinizə çatdırım ki, azərbaycanlı turistlər yeknəsəq istirahətdən qaçırlar, hər zaman yenilik axtarırlar. Bunu nəzərə alıb ölkənin turizm şirkətləri onlar üçün dünyanın müxtəlif ölkələrinə turlar təşkil edirlər. Birbaşa uçuşların coğrafiyası getdikcə genişlənir. May ayından Barselonaya uçuşlar başlayıb. İspaniya azərbaycanlı turistlər üçün maraqlı ölkədir”.

 

«Conde Nast Traveller» səyahət yarmarkası gələn il Bakıda keçiriləcək

 

Azərbaycana turist göndərən xarici ölkələrdən isə birinci yerdə Rusiyadır. Turizm təmsilçisinin fikrincə, bu ölkənin bir çox bölgələrinin turizm şirkətləri Azərbaycana turlar təşkil etməkdə maraqlıdır: «Bu il Rusiyadan ölkəmizə turist axını artıb. Bunun bir səbəbi də onunla bağlıdır ki, biz Rusiyada öz təbliğatımızı yüksək səviyyədə qururuq. Mart ayında Moskvada keçirilən «Conde Nast Traveller» dəbdəbəli səyahət yarmarkasında Azərbaycan rəsmi tərəfdaş seçilmişdi. Bu, Şərqi Avropada Dünya Turizm Təşkilatının tamhüquqlu üzvi olan yeganə sərgidir, peşəkar təcrübə, tərəfdaşlar tapmaq, işgüzar əlaqələr üçün yeni imkanlar açır. Sərgidə Rusiya və Şərqi Avropadan 800-dən artıq turizm nümayəndəsi iştirak edirdi. Tədbirdə Azərbaycan 35 turizm şirkəti və mehmanxana ilə təmsil olunmuşdu. Biz hələ onda hesablamışdıq ki, Rusiyadan ölkəmizə bu yay mövsümündə turist axını olacaq, elə də oldu. Rusiyanın müxtəlif bölgələrindən artıq turist qruplarını qarşılayırıq».

Nahid Bağırov onu da qeyd etdi ki, «Conde Nast Traveller» dəbdəbəli səyahət yarmarkası gələn ilin aprelində Bakıda keçiriləcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 7.