Amerika Musiqi və Dram Akademiyasının azərbaycanlı tələbəsi

 

Azərbaycanın gənc vokalçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Emin Eminzadə Amerika Musiqi və Dram Akademiyasına (American Musical and Dramatic Academy - AMDA) daxil olub.

Emin Eminzadə ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”da təhsil alıb və oradakı birillik təhsilini başa vuraraq Vətənə dönüb. Amerikada təhsil aldığı bir il ərzində Emin Eminzadə sənədlərini AMDA-ya verərək ən yüksək balla bu tədris ocağına qəbul olunub.

ABŞ-ın iki böyük şəhəri - Los-Anceles və Nyu-Yorkda mərkəzləşən AMDA-da məşhur müğənni və artistləri təhsil alıb. Emin Eminzadə bu tədris ocağına daxil olan ilk azərbaycanlıdır.

Qeyd edək ki, 18 yaşlı Emin Eminzadənin müəllimi və məsləhətçisi, SSRİ Xalq artisti, professor Fidan Qasımovadır. O, Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin vokal şöbəsini bitirib. İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Emin Eminzadənin repertuarında türk, rus ingilis, italyan və ispan dillərində mahnılar var, gənc vokalçı bu dillərdə sərbəst danışır.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 6.