Heydər Əliyev Mərkəzində gənc virtuoz ifaçının musiqi gecəsi

 

İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçirilib. Gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxış edib. Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edən proqramda tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konserti təqdim olunub.

Elvin Qəniyev 1997-ci ildə Ankarada doğulub. Azərbaycanın Xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. Ankarada Bilkənt Universiteti nəzdində musiqi məktəbini bitirib. 2006-cı ildə Moskvada “Klassik irs” beynəlxalq müsabiqəsində, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik qazanıb. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Virtuoz skripka ifaçısı həmçinin Polşada gənc skripkaçıların beynəlxalq müsabiqəsinin (2009), “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalının, İsveçrədə gənc musiqiçilərin P.Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub.

Virtuoz skripkaçının çıxışı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Təəssüratlarını bölüşən gənc ifaçı doğma vətənində, Azərbaycanda, Heydər Əliyev Mərkəzində konsert verməkdən qürur duyduğunu bildirib.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 3.