Tarixin dönüş anı

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə qurumun şəbəkəsinə daxil olan müəssisə və təşkilatlarda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “İşıqlı gələcəyə aparan yol”, “Tarixin dönüş anı”, “Daimi məhəbbət” və digər mövzularda keçirilən tədbirlərdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açılıb. Bildirilib ki, ulu öndərin xalqın çağırışını nəzərə alaraq 1993-cü il iyununda hakimiyyətə qayıdışı Vətənin xilası, xalqın qurtuluşu oldu.

Əlamətdar günlə bağlı Nizami rayonu R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbində, Səbail rayonu T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbində, Nəsimi rayonu Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində, Qaradağ rayon Ə.Əmirov adına Mədəniyyət sarayında, Nərimanov rayonu G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində, Binəqədi rayonu 11 nömrəli 11 illik musiqi məktəbində, Sabunçu rayonu 4 nömrəli uşaq musiqi məktəbində və digər tədris və mədəniyyət ocaqlarında təşkil edilən tədbirlərdə maraqlı konsert proqramları və kompozisiyalar təqdim olunub. Ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film, Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş olunub.

* * *

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonunun Binə qəsəbə mədəniyyət mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqımızın xilaskarı” adlı tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət müəssisələrinin kollektivlərinin nümayəndələri də iştirak ediblər.

Xəzər rayon Mərkəzləşmiş Kitabxana Sisteminin şöbə müdiri Nilufər Abdulova tariximizin dönüş anı, şanlı səhifəsi sayılan Milli Qurtuluş Gününün tarixi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev xalqın inam və sevgisinə arxalanaraq ölkəni düşdüyü çətin vəziyyətdən xilas etdi.

Mədəniyyət ocaqlarının kollektivləri tərəfindən ifa olunan mahnılar, “Xalqımızın xilaskarı” mövzusunda ədəbi-bədii kompozisiya qonaqlara gözəl əhval-ruhiyyə bəxş edib.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 14.