GoMap.az naviqasiya sistemində yeniliklər

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən I Avropa Oyunları ərəfəsində turistlərin Bakı şəhərində rahat hərəkət etmələri və istədikləri yerləri tapa bilmələri məqsədilə GoMap.az naviqasiya sistemi əsasında mobil qurğular üçün proqram təminatı hazırlanıb.

 

Proqram İOS və Android sistemləri üzərində işləyən qurğulara yüklənə bilər. Proqramı yükləmək üçün gomap.az/apps ünvanından istifadə etmək olar. Naviqator həm avtomobil, həm də piyada hərəkəti zamanı istənilən məntəqəni göstərir. Bu zaman naviqator hansı yollardan istifadə etməyi, yol hərəkəti nişanlarına riayət etməyi, lazım olan yerdə dönməyi vizual olaraq göstərir. Həmçinin ətrafda olan restoran, muzey və digər obyektlər haqqında da məlumatdan istifadə edilə bilir.

Qeyd edək ki, www.gomap.az dünyaca məşhur olan onlayn xəritə sistemlərinə bənzər onlayn naviqasiya xidmətlərini göstərir. Sayt nəinki bu və ya digər obyekt və küçənin harada yerləşdiyini göstərir, birbaşa öz yerini təyin etmək xüsusiyyəti, mobil versiyadan yararlanmaq, hətta turist marşrutlarını və müəssisələrin geniş kataloqunu da nəzərdən keçirməyə imkan verir.

Regional elektron xəritə və naviqator "GoMap" "Bakı-2015" Avropa Oyunları üçün yeni servisləri təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib. “Bakı-2015" Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə (gomap.az/baku2015) mümkündür.

Yeni servislər azərbaycanlı idman azarkeşlərinə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.

Həmçinin Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən (gomap.az/apps) hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar.

Hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 min maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min km avtomobil yolları, 3,8 min km dəmir yolu əks etdirilib.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 10.