Azərbaycan mədəniyyətinin təbliğat ünvanı

 

“Qız qalası” beynəlxalq incəsənət festivalı bu dəfə də rəngli görüntülərlə yadda qaldı

 

Xəbər verdiyimiz kimi, iyunun 11-dən 14-dək Bakının ən qədim məkanlarından olan İçərişəhərdə VI “Qız qalası” beynəlxalq incəsənət festivalı keçirildi. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuşdu.

 

Budəfəki festivalda 10-dək ölkədən 30-a yaxın rəssam bir araya gəlmişdi. Bundan əvvəlki festivallarda rəssamlar yaradıcılıqlarını ancaq Qız qalası maketlərinin üzərində canlandırırdılarsa, bu dəfə həm də Bakıda keçirilən I Avropa Oyunlarının rəmzləri olan ceyran və nar maketlərini fərqli üslubda və rənglərdə bəzəyirdilər.

Fransalı rəssam Amalia Ramanan Qız qalası maketini rəngləyib. O, qara rəngdən daha çox istifadə etdiyini deyir. Bildirir ki, qara rəng onun üçün həm də Bakını dünyaya tanıdan neftin rəmzi olduğu üçün bundan daha çox istifadə edir: “Qara rənglə işləmək, göstərmək elə də asan iş deyil. Ona görə də fırçanı əlinə alanda dərindən fikirləşib, nə demək istədiyini anlatmağı bacarmalısan. İnsanlar yaxınlaşır, çəkdiklərimlə maraqlanır, soruşur. Mən də onlara hər şeyi izah edirəm. Bakı olduqca maraqlı şəhərdir. Buranın insanları, onların qonaqpərvərliyi, mədəniyyəti, məni valeh edir”.

Builki festivalda gənclərə də yer verilmişdi. Heykəltəraş-rəssam Zamiq Rzayev deyir ki, festival gənc rəssamların yaradıcılığını inkişaf etdirməyə yardımçı olur: “Bu festival gənc rəssamlara stimul verir, dünyagörüşümüzü çərçivədən çıxarır. Bütün bunlar ünsiyyətə, əməkdaşlığa yaxşı imkan yaradır. Mən sifarişlərlə qalereyada işləyirəm. Bu sərgilər isə bizi daha da ruhlandırır”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi Mənsumə Ələkbərli nar maketinin üzərində dünyanın tanınmış binalarını canlandırmışdı: “Biz tələbələr üçün bu festivalda iştirak etmək, peşəkarlarla ünsiyyətdə olmaq böyük şansdır. Hazırda mən Qız qalasını, Romadakı tarixi binaları, Sidneyə aid bir başqa binanı çəkirəm. Dünyanın Azərbaycanla, dünya şəhərlərinin Bakı ilə əlaqələrini göstərməyə çalışmışam”.

Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Fidan Novruzova isə deyir ki, burada həm də əcnəbi rəssamlarla ünsiyyətdə olurlar. Bu da tələbə rəssam üçün böyük imkandır: “Rəssamlar o qədər mehriban olur ki, ona görə çox tez dost oluruq. Bizə kömək edirlər, öyrədirlər, məsləhətlərini verirlər. Burada əcnəbi rəssamlara öz mədəniyyətimizi tanıdırıq və məncə, xoşlarına gəlir. Onların yaradıcılığında tolerantlıq daha yüksək, üst qatdadır. Bu bizə də təsir edir. Bizdəki incəsənətdə tolerantlıq realizmdir. Biz daha çox klassika, modernizmə üstünlük veririk. Onlar üçün isə əsas yenilikdir. Yeniliyi öyrənmək özü müsbətdir”.

Festival I Avropa Oyunları ərəfəsində paytaxtımıza təşrif buyurmuş turistlərin və yerli sakinlərin də marağına səbəb olub. Oyunları izləməyə gələn turistlərdən biri də Türkiyənin İstanbul şəhərindən olan Ayişə Ecevitdir. Bakıya ilk dəfə gəlib: “Buranı çox sevdim. Özümü vətənimdəki kimi hiss edirəm. İstəyirəm ki, qısa vaxtda hər yeri gəzim, hər yeri görüm. Çox həyəcanlıyam. Şəhərin hər yerində sanki bayramdır. Qədim qalanın yanında rəsm əsərlərinin nümayiş olunduğunu eşidən kimi buraya gəldim. Çox maraqlıdır, bəyəndim, sevdim Azərbaycanı”.

Bakı sakini Vəli Məmmədov da “Qız qalası” beynəlxalq incəsənət festivalından məmnun olduğunu deyir: “Əvvəllər də bu festivalı izləməyə gəlmişəm. Budəfəki festival daha geniş təşkil olunub. Burada Azərbaycan xalqının mədəniyyətini, tarixini, həmçinin humanist dəyərlərə nə qədər önəm verdiyini görmək olar. Özüm də həvəskar rəssam kimi ara-sıra rəsm əsərləri çəkirəm. Nə vaxtsa mən də bu festivalda iştirak etmək istəyərdim”.

Qeyd edək ki, rənglənən maketlər əvvəlcə Bakıda, daha sonra müxtəlif şəhərlərdə sərgilənir. 2010-cu ildə əsası qoyulan, dörd il Bakıda, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” beynəlxalq incəsənət festivalının əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.

Festivalda rəssamlar Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğinə töhfə verir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 6.