Doğma vətənin ölməz tərənnümçüsü

 

Rəşid Behbudovun adını daşıyan məktəbin yetirmələrinin sənətkarın xatirəsinə həsr olunmuş konserti

 

İyunun 11-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dahi müğənninin adını daşıyan 2 saylı onbirillik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edildi.

 

Konsert Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) anım gününə həsr olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Rəşid Behbudov adına musiqi məktəbi şagirdlərinin təqdim etdiyi proqram da bu yubileyə bir sənət töhfəsi oldu.

Şagirdlər konsertdə müxtəlif alətlərdə öz ifaçılıq məharətlərini nümayiş etdirdilər. Məktəbin xalq çalğı alətləri və skripkaçılar ansamblları vaxtilə Rəşid Behbudovun ifasında milyonlarla dinləyicinin sevgisini qazanmış musiqi nömrələrini ifa etdilər.

Maraqlı ifaların bir-birini əvəzlədiyi konsertin sonunda məktəbin məzunu, “Eurovision-2013” mahnı müsabiqəsinin iştirakçısı Fərid Məmmədov səhnəyə çıxaraq Rəşid Behbudovun repertuarından bir neçə mahnı ifa etdi. Çıxış alqışlarla qarşılandı.

Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva konsertin iştirakçılarını uğurlu çıxışları ilə bağlı təbrik edərək onlara gələcəkdə yeni nailiyyətlər arzuladı. Anım tədbirinə Rəşid Behbudovun ifasında səslənən “Azərbaycan” mahnısının sədaları altında yekun vuruldu. Zaldakı qonaqlar bu gözəl və təkrarolunmaz səsə qoşularaq mahnını birlikdə oxudular.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 4.