Avropa Oyunlarının “Xoşbəxt anlar”ı

 

“Arts Council Azerbaijan” və I Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xoşbəxt anlar” adlı fotomüsabiqəyə start verilib.

 

“Arts Council Azerbaijan” təşkilatından bildirilib ki, Avropa Oyunlarına həsr olunan fotomüsabiqəyə yarışlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotolar qəbul olunacaq. Fotomüsabiqədə həm təcrübəli, həm də həvəskar fotoqraflar, habelə mobil telefonu vasitəsilə foto çəkən hər kəs iştirak edə bilər.

Hər iştirakçı 5 fotodan artıq olmamaq şərti ilə, 1200 px və foto ilə bağlı bütün hüquqlara malik olan fotoları xoshbaxtanlar@artscouncil.az elektron ünvanına göndərə bilər. Təqdim olunan fotoların üzərində müəllif imzası və ya loqosu olmamalıdır.

Fotolar xoşbəxt anları, o cümlədən insanların Oyunlar zamanı keçirdikləri sevinc anlarını, “Coca-Cola” brendindən istifadə, idmançıların və azarkeşlərin sevincini, qələbə anlarını və müxtəlif emosiyaları əks etdirməlidir.

Qaliblər I, II, III yerlər üzrə müvafiq olaraq təcrübəli, həvəskar fotoqrafların işləri və telefonla çəkilən fotolar əsasında mükafatlandırılacaq. Təcrübəli fotoqrafa fotokamera üçün avadanlıq, həvəskar fotoqrafa fotokamera üçün aksesuarlar, telefonla çəkilən fotoya “İphone 6” mobil telefonu təqdim olunacaq.

Fotomüsabiqə iyunun 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 4.