Soydaşımız Rusiya Sənət Akademiyasının medalı ilə təltif edilib

Türkiyədə yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev Rusiya İncəsənət Akademiyasının medalı ilə təltif edilib. Soydaşımız bu mükafata Türkiyə ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, medal T.Rzayevin təşəbbüsü ilə Memar Sinan İncəsənət Universitetinin İstanbuldakı sərgi salonunda təşkil edilən Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Seretelinin fərdi sərgisində həmyerlimizə təqdim olunub.

Universitetin rektoru Yalçın Karayağız bu sərginin Türkiyə ilə Rusiya arasında mədəni əlaqələrin genişlənməsində böyük rol oynayacağını qeyd edib.

Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Sereteli isə bu əlaqələrin gücləndirilməsində böyük zəhməti olan Y.Karayağıza minnətdarlığını bildirərək ona akademiyanın “Ləyaqət” medalını təqdim edib.

Memar Sinan İncəsənət Universitetinin rektoru Y.Karayağız isə Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Sereteliyə və vitse-prezident Tahir Salahova minnətdarlığını bildirərək, universitet adından təşəkkürnamə təqdim edib.

Dostluq əlaqələrinin inkişafı çərçivəsində Türkiyə rəssamlarının da Moskvada sərgisinin açılması planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 4.