Naxçıvan teatrında “Qurtuluş dastanı”

15 İyun - Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Tamaşadan öncə teatrın direktoru, Xalq artisti Rza Xudiyev və əsərin müəllifi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan xalqının həyatında və dövlətçilik tariximizdə mühüm bir mərhələ təşkil etdiyini vurğulayıblar.

Sonra tamaşa nümayiş olunub. Səhnə əsərində ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub. İkihissəli epik tarixi dramda ulu öndərin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapıb. Dahi şəxsiyyətin zəngin həyat yolunun müxtəlif məqamları, habelə böyük liderin ayrı-ayrı hadisələrə münasibəti, kollektivin yaratdığı canlı səhnələr alqışlarla qarşılanıb.

Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Zəminə Baxşəliyeva və digərləri öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 2.