Daşkənddə Azərbaycan kinosu günü

 

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində Azərbaycan bədii filmləri nümayiş olunub. Azərbaycan kinosu günündə ölkəmizin Özbəkistandakı səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbə heyəti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

Universitetdəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin direktoru, dosent Gülbahar Aşurova iştirakçıları salamlayaraq fəaliyyətləri barədə məlumat verib. O, Özbəkistanda qardaş Azərbaycanın bədii filmlərinə böyük maraq olduğunu, bu günə qədər bir çox ekran əsərlərinin özbək dilinə dublyaj olunaraq yerli televiziyalarda nümayiş etdirildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, “Arşın mal-alan", "Qayınana", "Əhməd haradadır?", "Bir cənub şəhərində" və s. filmlər hər il Özbəkistan televiziya kanallarında göstərilir və geniş auditoriya toplayır.

G.Aşurova rəhbərlik etdiyi mərkəzi əyani vəsaitlərlə təmin etdiyi üçün ölkəmizin Özbəkistandakı səfirliyinə və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Sonra iştirakçılar "Dərviş Parisi partladır" və "Qayınana" filmlərinə tamaşa ediblər. Hər iki ekran əsəri böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 13.