“Oyunların təşkilatçılığı yüksək səviyyədədir”

 

“İndi bütün dünyanın diqqəti Bakıdadır. İlk dəfə Azərbaycanda keçirilən Avropa Oyunlarının gələcəyi bu yarışlardan çox asılıdır”

 

“Bakı-2015” Avropa Oyunlarını izləyənlər arasında iştirakçı ölkələrin media rəsmiləri də var. Rusiya Milli Olimpiya Komitəsinin mətbuat attaşesi Konstantin Vıbornov bizimlə söhbətində Avropa Oyunlarda media nümayəndələrinə yaradılan şərait, bu yarışların dünya idmanının inkişafında rolu barədə danışdı. Rusiyalı qonaq öncə təəssüratlarını bölüşdü:

 

- “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimi çox təsirləndirici idi, çox peşəkarcasına təşkil edilmişdi. Bu da onu göstərir ki, hazırlıq işlərinə böyük zəhmət sərf edilib. Gözəl hazırlanmış ssenari hər kəsdə pozitiv əhval yaratdı. Azərbaycan mədəniyyəti o qədər gözəl tərzdə nümayiş etdirildi ki, bu yalnız insanı məmnun edirdi. Oyunlardan aldığım təəssüratlara gəlincə, ilk növbədə, qonaqpərvərliyi qeyd etmək istərdim. Bakı Avropa Oyunları Əməliyyat Komitəsindəki bütün heyət çalışır ki, hər kəs özünü rahat hiss etsin. Bu isə sevindiricidir. Mürəkkəb vəziyyət yarandıqda hər kəsə yardım edirlər. Bundan başqa, buradakı xəbərləri dinamik şəkildə öz ölkələrimizə göndərə bilirik. İdmançılarımız adından deyə bilərəm ki, onlar da buradakı şəraitdən razıdır. Hava da isti və gözəldir, bu da bizi sevindirir.

- İdman arenalarını necə qiymətləndirirsiniz? Sizcə, bu yarışlar dünya idmanına nə verəcək?

- Əgər söhbət Avropa Oyunlarından gedirsə, o, qitənin standartlarına uyğun olmalı və əvvəlcədən düşünülməlidir. Ona görə ki, bu həm də bütün dünyanın diqqətini özünə cəlb edir. Avropada Oyunların qrafiki çox mürəkkəbdir. Dünya çempionatı, Avropa çempionatı kimi yarışlar artıq çoxdan öz statusunu qazanıb və müntəzəm şəkildə keçirilir. Ona görə də digər genişmiqyaslı yarışlara yer, vaxt tapmaq çətindir. Avropa Oyunları həm də mahiyyət etibarilə kiçik Olimpiya Oyunlarıdır. Ona görə də Azərbaycan öz üzərinə yüksək dərəcəli əmək, zəhmət götürüb, necə deyərlər, iki dəfə daha çox işləyib. İndi isə azarkeşlər, idmançılar, hakimlər, beynəlxalq idman rəhbərləri bu yarışların necə keçməsinə baxmaq, onun necə pozitiv olmasını görmək istəyirlər. Düşünürəm ki, ilk dəfə məhz Azərbaycanda baş tutan Avropa Oyunlarının gələcəyi də məhz bu yarışlardan çox asılıdır. İndi bütün dünyanın diqqəti Bakıdadır. Təşkilatçılığa gəlincə, xırda məqamlar hər zaman olur. Amma praktik cəhətdən yanaşsam, bu günə qədər bir çox Olimpiya Oyunlarının iştirakçısı olmuşam və deyə bilərəm ki, “Bakı-2015”də təşkilatçılıq çox yüksək səviyyədədir.

Burada nümayiş etdirilən bütün yarışların geniş auditoriyası var. Komandalar öz missiyalarını yerinə yetirirlər. Oyunların sonunda onun nə dərəcədə effektiv olduğunu görəcəyik. Burada bir vacib məqam da var: elə idman növləri var ki, onlar Olimpiya Oyunları proqramına daxil deyil və məhz Avropa Oyunlarında oynamaq imkanı var. “Bakı-2015” Avropa Oyunları ilə bağlı artıq dördüncü dəfədir ki, Bakıya gəlirəm. Bakı öz tarixini qorumaqla müasir bir şəhərdir. Son vaxtlar çoxlu sayda böyük binalar, hotellər, idman məkanları tikilib. Şəhər yaxşı mənada çox dəyişib. Müasir Avropa şəhərinə çevrilən Bakıda tarix, ənənə də bir yerdə cəmlənib. Belə bəlli olur ki, bu sahəyə xüsusi diqqət ayrılır. Akkreditasiya olunan bütün ölkələrin mətbuat nümayəndələri bunu görürlər. Buradan ölkəmizə göndərmək üçün o qədər mövzular var ki. Düşünürəm ki, bu tədbir, idman bayramı uğurla başa çatacaq.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 7.