Avropa Oyunlarına mədəni irs töhfəsi

 

Paytaxtımızda milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirildi

 

Bakıda keçirilən I Avropa Oyunları ölkəmizin dünyaya daha geniş miqyasda tanıdılması ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini, milli mətbəxini, adət-ənənələrimizi təbliğ etmək üçün münasib imkandır.

 

Bu səbəbdən də paytaxtın müxtəlif muzey və qalereyalarında, tarixi məkanlarında, mərkəzi meydanlarında sərgilər təşkil olunur, qonaqlara bukletkitabçalar, tanıtım nəşrləri paylanılır.

Mədəniyyət və Turizm Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində milli geyimlərimizlə bağlı həyata keçirilən layihələr də I Avropa Oyunlarına əlamətdar töhfədir. Bu layihələrdən biri iyunun 18-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdi.

Milli geyimlərimizin dünəni və bu günü adlı layihənin əsas məqsədi Bakı-2015 I Avropa Oyunları ərəfəsində xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimizi və milli rəqslərimizi əyani olaraq nümayiş etdirmək və bu barədə dolğun məlumat verməkdir.

Paytaxtın Azneft meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər də qatılaraq, milli geyimli oğlan və qızların rəqslərini izlədilər. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və Rasimlər folklor qrupunun iştirakı ilə təqdim olunan rəqs kompozisiyaları böyük maraqla qarşılandı. Milli rəqs nümunələrinə şəhər sakinləri və turistlər də biganə qalmayaraq, rəqqaslara qoşuldular. Yallı rəqsinin sədaları altında əl-ələ verən iştirakçılar əsl bayram əhvalı yaratdılar. Daha sonra Sarı gəlin xalq mahnısı və başqa musiqilər ifa olundu.

 

 

 

Tədbir Azneft meydanından Fəvvarələr meydanına qədər milli geyimli gənclərin yürüşü ilə davam etdi. Burada milli musiqilərimizdən ibarət konsert proqramı təqdim olundu.

Tədbir çərçivəsində turistlərə və şəhər sakinlərinə Azərbaycan bayrağı, ölkəmiz haqqında bukletkitabçalar, eyni zamanda mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif suvenirlər paylanıldı.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin qrant müsabiqəsi çərçivəsində iyunun 4-də və 9-da I Avropa Oyunları münasibətilə milli geyimlərimizdən bəhs edən Əsrlərin yaddaşı adlı promovideonun təqdimatı və Azərbaycan milli geyimləri adlı sərgi keçirilib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 2.