140 yaşlı Əkinçidən yadigar

Milli mənəvi sərvətlərimizi qoruyan, gələcək nəsillərə ərməğan edən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi tariximizin müxtəlif səhifələrini yaşadır, təbliğ edir. Muzeydə nadir əhəmiyyətə malik eksponatlar, tarixi sənədlər çoxdur. Onlardan biri də görkəmli maarifçi, alim Həsən bəy Zərdabinin 1875-ci ildə Əkinçi qəzetinə abunə olmaq istəyənlər üçün Elannaməsidir. Muzeyimizin ziyarətçiləri bu tarixi sənədi ilk dəfə Qəbələ muzeyində gördüklərini qeyd edirlər. Muzeyin direktoru Xalis Məmmədovun əldə etdiyi bu qiymətli sənəd 1980-ci illərdə muzeyimizin eksponatları sırasına daxil edilmişdir.

Bu il Azərbaycan milli mətbuatının 140 yaşı tamam olur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu əlamətdar yubiley ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Biz ölkəmizin bütün jurnalistlərini peşə bayramı münasibətilə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi adından təbrik edirik.

 

İlhamə Seyidova,

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 15.