Milli Qəhrəmanın xatirəsi yad edilib

 

İyunun 20-də “Şəhid anaları” Cəmiyyətinin və Respublika Qadınlar Cəmiyyətinin (RQC) Nərimanov rayon bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi yad edilib.

RQC-nin sədri Bahar Qasımova, Cəmiyyətin Nərimanov şöbəsinin sədri Şəhla Mirbağırova, Qarabağ döyüşlərinin iştirakçısı Cahid Quliyev və başqaları çıxış edərək torpaqlarımızın toxunulmazlığı yolunda canından keçən vətən övladlarının adlarının həmişə tarixdə qalacağını vurğulayıblar. Ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminlik ifadə olunub.

Milli Qəhrəmanın qızı Əminə Əsgərova və anası Rəfiqə Əsgərova tədbirdə iştirakına görə hər kəsə minnətdarlıqlarını bildiriblər. Belə tədbirlərin gənclərin mənəvi tərbiyəsində əvəzsiz rol oynadığı qeyd edilib.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 14.