Şeirlər ilə “müsahibə”...

 

Nədən ki, şairin özü ilə görüşüb-söhbətləşməyimiz baş tutmadı

 

Ömrünün baharından bəri incə könülləri yaz kimi yazıb, yay-payıztək qızmandırıb-barlandırıb, hərdən də qara qəlbləri qıştəhəri dondurmaqda olan, amma... doğal şairlik əyarını dövrün “mod”al populyarlıq meyarı ilə hələ də proporsional qafiyələndirə “bilməyən” Vaqif Bəhmənli...

Onun 60 yaşına altmış-yetmiş cümlə özümdən, bir o qədər misra da özündən...

 

...Bu dadlı istedadlı şair həm də çox şirin, həssas, diqqətcil, sayğı-qayğıkeş bir bəndə. Onun bu keyfiyyətlərini oxucuların da “ratifikasiya” etməsi üçün, saysız poetikpraktik nümunələrindən ikicəsini ayağa çəkmək istərdim. Əvvəlcə bir bədiisi; “Adamın kimi var - adamdan ayrı” - deyə, bütün ulularına, olularına, hətta Allaha belə “söndürmə əl telefonunu” xitabı. Və bir həyatisi; “Mədəniyyət” qəzeti redaksiyası Dövlət Film Fonduna (mənim evimə yaxın) köçərkən keçirdiyi hiss: “Qardaş, əla! Əlavə vaxt itkisi, nəqliyyat xərci özünə qaldı!..”

Görəsən, oxunduqca hiss olunacaqmı ki, mən (bayaqdan müsbətlədiyim yubilyarın yeganə “mənfi”liyi ucbatından), bu yazıya üçüncü dəfədir əl gəzdirməli oluram; onun ad günü ərəfəsində, doğum günü (23 may) və indi - düz bir ay sonra. Bunun sezilməyəcəyi ehtimalına rəğmən, həmin “keşməkeş”lərdən -

 

“Seşmə”lər...

 

Bəli, işdən-gücdən başını (şeirlərinin birindəki “...dibdən kəsiləsi keçəl”ini) qaşımağa tapmadığı vaxt-macalından ayırıb dost-tanışın da işinə yarayan, həmsöhbətləri obrazlı bir gül vuranda çiçəyi üç çırtlayan, yadlara belə bir yamanlıq üz verəndə gözləri dolan Vaqif Bəhmənli ilə görüşmək imkanımız olmadı. Mən də özlüyümdə “elə bəlkə belə yaxşıdır...” - deyə düşün-daşınnanıb, qarşımdakı irili-xırdalı gözəl nəşrlər içərisindən ən sonuncusunu - “Belə yaxşıdı” kitabını əlimə alıb, kəmali-ədəblə yenidən mütaliə etdimdedim; -

 

!..

 

Di bəri gəlin görək, a misralar! Süsən-sünbül rədiflər, şəkər-qənd bəndlər! Xalq əsilli, dədə-baba dilli, əksəriyyəti Turan areallı, bir qırnığı da cılxa qarabağlı şeirlər! Neçə gündür acbeyinə oxuya-oxuya çoxunuza “inteqrasiya” ola-ola, birəz siz dil-üslublu olduğum şeirlər...

Ay “yoxdan var olan”lardan ibarətlər, ey “bəndü-bənd”lər, mənim belə bir qənaət qərqində olduğumun da fərqindəsizmi ki, sizin hamınız çox mənalı, məzmunlu, məhsuldarsınız! Elə fərmuda, elə faraşsınız ki, sizdən nəinki sadə oxucu-dirrikçilər, heç professional redaktor-tənqidçilər bircə varaq “alaq” eləyə bilməz...

Vaqif müəllim, ağlınıza gələrdimi, qafiyənizə girərdimi ki, indiyənəcən sizlər mənə - bir oxucu olaraq qədərsiz zövqi-şövq bəxş etməkdən əlavə, bir gün belə bir “intervü” verməli olacaqmışsız? Deməzsizmi, bu dəm könlüm, sizlər içrə hər mənada böyükləri, yaşlıları “günüləyə-günüləyə”, “Nəvə günü” adlı bapbalancanız üstə köklənib...

Sual:

- , noğul bala, ondan ikicə bənd nağıllarsanmı?..

Cavab:

- Hər bazar nəvələr səpilir bağa;

Sanki uşaq deyil, dəndi, düyüdü.

Bərəkət qəlbimi döndərir dağa -

Hər bazar babanın nəvə günüdü.

 

Ciyərim genələr göy üzü kimi,

Nəfəsim açılar - hava günüdü.

Zülməti sanaram gündüzüm kimi -

Hər bazar babanın nəvə günüdü...

Sual:

- Yəqin, yazı baban bundan da baxəbərdi ki, bu gözəl hiss-həzzlər daim bütün dədələrin, babaların, nənələrin dillərinin ucunda, qəlblərinin qucundadır, - sadəcə, deyib-düşürə bilmirlər. Amma bəs o “Nəvə günü”ndəki fərəhlər , səndəki “kədər”lər nəmənə, ay “Özümüz olanda” şeiri?! Bəlkə sən bir-iki bənd...

Cavab:

- Sayı min-min, qatı çin-çin

Arzumuz olanda yaxşıydı.

Çəpər dibində, çiçəyim,

İzimiz olanda yaxşıydı...

 

Qəm piltəli iki çıraq...

Alışmağa yoxdu maraq!

Basdı bizi oğul-uşaq -

Özümüz olanda yaxşıydı,

İkimiz olanda yaxşıydı...

 

Sual:

- “İkimiz olanda yaxşıydı”?.. Çox gözəl, vəfalı bir monoqamlıq nümunəsi! Amma... bəs onda “Qoşma” adlı birinizdəki “o məsələ”? Məncə, orada müəllifinizin “qlobal” bir alt qat “gizlinc”i var. Bəs sizcə?..

Cavab:

- Sancıban güldürər gülü arılar,

Daş-daş qəşş eləyib oynar barılar,

Şeytanın gülməkdən zəhri yarılar -

Eşitsə hesabdan sildiklərimi...

 

Vaqif son nəfəsə zarafat saxlar,

Gülsəm, gülüşümü amanat saxla,

Ay Allah, min illər salamat saxla

Dərdindən anbaan öldüklərimi!..

 

Sual:

- Həə... Birinciniz dədə-babayi bir alqışa layiq, ikinciniz kişmişi bir gülüşə...

Elə bu heynidə aranızdakı sevgi bənövşələrindən daha hansınız bəndə düşə?...

Cavab:

- Söz dinirdi dərində

Sevənə döz deyirdi,

Xatirə dəftərində

Qızılgül bəzəyirdi -

Sevgi şeirlərimi...

 

Bəyənir Kərəm lələ,

Məcnun da qollayırdı.

Oğlan xətt sala-sala

Yarına yollayırdı -

Sevgi şeirlərimi...

 

Sual:

- Bəlkə, altmışını keçmiş qoşucunuzun öz halalına dair Aşiqliyindən daha bir-iki bənd?..

Cavab:

- Demə arvad canavar,

Kişi quzudu, qağa.

Kişini kişi edən -

Kişi qızıdı, qağa!

 

Onsuz ömür - kömürdü,

Çürük xəzəldi, qağa.

Sərvət dəmir-dümürdü,

Arvad - qızıldı, qağa!

 

Ondan qopur hər balan,

Çiçək balan, nər balan,

Arvad razı olandan -

Allah razıdı, qağa...

 

Sual:

- Ağlım “maraqlı müsahibəyə görə sağ olun” qəlibində ikən, beqəfil qəlbim suallandı: “Bəlkə sizin sualınız var”?..

Cavab:

- Xıxmış dəvələrin hansı səhrada,

Karvan yollarını tikan, ot basıb...

Üzəngin yellənir...

qalxmırsan ata -

Nədən ürəyini qaramat basıb,

Niyə göz yaşını silmirsən, Vətən,

Niyə öz qədrini bilmirsən, Vətən?..

 

...Belə, ay sayca yüzcələr, vəzn-həzincə incədən-incələr! Sizdən elənçi bir poetik-patriotik sual, bəndənizdən belənçi bir ritorik-publisistik məlal; -

 

Təəssüf...

 

Belə ki, bar-bəhərli istedad budaqlarından qopduğunuz bu bağın bağbanıyla söhbət calağımız tutmadı. Bir geniş həmdəm olub, sorğu-sual aləminin “qəm oduna tutuşsaydıq”, özünə bir çox suallar verər, üzünə “bəzi” xitablar edər, lap axırda da soruşardım ki, ay Vaqif müəllim hey, 50, 54, 55 yaşlarında yazdığın bu bəndlər, xəlvəti-xəfi qafiyələr, “çağa” çağlar atmacalarımızdan olmasın, “o söz”- “bez”lər nəymiş elə? Məsələn, necə yəni; -

 

Allah, sən bilirsən nələrə dözdüm

Bu sevda yolunu tutana kimi!

Dəli dalğalara baş vurum, üzdür -

Eşqin dəryasında batana kimi...“?!”

 

Qadam, sən canın, görüşüb-eliyəndə bunu da incə-mincələrsən görüm, 2003-də ələmləndiyin “Qoca sevgi”də: “Canım, mən ki qara baxta qapıyam” deyib, özünü “çoxdan mismarlanmış taxta qapıya” bənzətmək, “Bir qoca at kimi qat qabağına, Apar bir dərədə güllələ məni” söyləyib, “qara üzlə” qarşındakı qarşısında “dayanıb-dura bilməmək”, hətta “ölüb yerə girmək” hara, 2014-də nəşələndiyin “Xanımlar”da: -

 

Vaqiflər səhv eləyər -

suçum varsa, əfv eləyin!

Ölsəm, məni dəfn eləyin

xanımlarda, balam, xanımlarda -

 

demək hara“?!.”

Hələ bu “Aramızda” şeirindəki o “sirr”, ey altmışi-pir! O ki yavaş-yavaş “Yavaş ol, əzilər yaz aramızda”, “Sabahdan hərlənir naz aramızda”, “Axı baş verib, qız, aramızdadeyə-deyə gəlib, lap axırda da - ulduz görməyincə ölməyən dili çıxarıb, xəlvət-xəfifcə söyləyirsən e; -

 

Lütf elə, bu sirri kimsə bilməsin,

Kəsik baş gəzdirən kisə bilməsin,

Məscid eşitməsin, kilsə bilməsin -

Qalsın Allah ilə öz aramızda... “!”

 

Təkrari-təkriri bir təəssüf ki, müəllifin özü ilə görüşüb-söhbətləşə bilmədim düzü, bu an - yazımın “tapşırma”sına az qalmış - ürəyimdə dedim “bəlkə dördüncü dəfə zəng edib bunu da soruşum”? Amma əlbəəlcə, xeyli vaxtdı xəyalımda bir az da həlim-ifal cizgilərlə portretləşdirdiyim şairin gülümsündüyünü “gördüm” hələ “inşallah, bu barədə 70 illiyimdə danışarıq” replikasını da “eşitdim”. Mənim xəyalım isə, eləməyəsən tənbəllik, qayıdasan ki, belə “söhbət”i bəlkə 60-a keçmək olar, bəs, eyib olmasın, 70-də “ayıb” çıxmazmı, şair?!.

...Ay mübtədasəda şeirlər, xəbərsizmi, mən bu yazıya başlayandan sonluğu da düşünüb-daşınmadayam -

 

Özü ;

 

özciyəzimin kifayət qədər “priyom” formatım ola-ola, bunu da sizin hesabınıza ( ayağınıza) yazıram. “Vaqif Bəhmənliyə” adlı dərin bir ayrıcanızın - müəllif “avtoportret”inin əsas-əksər cizgilərini ustalıq-ustadlıqla çizmiş birinizin sayəsinə qələmə alıram. O ki, deyirsən e: -

 

Doğulmuşdun bələyə - ümidi tək ellərin,

İndiki bu halına ellər məəttəl olmuş.

Koppuş əllərin vardı, vardı qara tellərin,

Əllərin quru budaq, tellərin xəzəl olmuş;

Qocalırsan deyəsən,

Vaqif Bəhmənlı?

Qocal!

 

Min yerdə məhlə tutub, yüz yerdə ev tikdirən

bilmir sonu çaladı, hamar düzənlik deyil.

Dərisini dəyişib, sifətini çəkdirən,

başına tük əkdirən bu dünya sənlik deyil -

qocal Vaqif Bəhmənli,

Bəhmənli Vaqif,

qocal!..

 

Yaxın keçmişimizin “dərələrdən sel kimi, təpələrdən yel kimi” trafaretlərindən iraq, səndəki bu “qocal” ifadəsini “bərədə” tutmamaq insafsızlıq olardı beləliklə, -

Sən: “Qocal, Vaqif Bəhmənli, qocal

Mən: Ucal, Bəhmənli Vaqif, qocalıqda da ucal!..

nəhayət, sağ ol, salamat qal...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 11.