Muzey Mərkəzində qəhvə rəngli sərgi

 

İyunun 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və “Cofe planet” şirkətinin dəstəyi ilə Muzey Mərkəzinin qalereyasında “Qəhvə rəngi” adlı sərginin açılış mərasimi keçirildi. Sərginin məqsədi I Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərə və şəhər sakinlərinə Azərbaycan rəssamlarının qəhvə rəngində yaratdıqları əsərləri təqdim etməkdir.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin “Bakı-2015” I Avropa Oyunlarına həsr edilən mədəni tədbirlərdən biri olduğunu bildirdi. Vurğuladı ki, bugünlər həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycanın zəngin sənət irsinin, mədəni dəyərlərinin tanıdılması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Nazir müavini Muzey Mərkəzində təşkil edilən bu qəbildən olan tədbirlərin də böyük maraqla qarşılandığını diqqətə çatdırdı.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərginin əhəmiyyətini qeyd etdi, fırça ustalarının müasir əsərlərinin nümayiş olunmasını təsviri sənətimizin inkişafına təkan kimi dəyərləndirdi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Qeyd edək ki, ekspozisiyada rəngkarlıq, qrafika, heykəltəraşlıq, batika, instalyasiya əsərləri və müəllif kuklaları yer alıb. Burada rəssam İrina Eldarovanın və kuklaçı-rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova, Anara Salmanova və başqalarının 100-dən çox əsəri nümayiş olunur. Ekspozisiyada dizayner Nadya Taziyevanın qəhvə rəngində geyim kolleksiyası da təqdim edilir.

Rəssam İrina Eldarova layihəsinin konsepsiyası haqqında fikirlərini belə izah edir: “Qəhvə gündəlik istifadə olunan məhsuldur, ona görə qəhvə haqqında danışarkən mən həyatın özü haqqında danışıram. Hətta qəhvənin rəngi dəyişkəndir. Səhər o bizə mavi, səma rəngində görünə bilər, günorta sarı, qumsaldakı torpaq rəngində görünür”. İrina Eldarovanın layihəsi iki hissədən ibarətdir. “Take a way” (“Özünlə götür”) və “Kişilər brend kimi”.

Sərgi qəhvə rəngi anlayışının həm kolorit, həm də mövzu baxımından nə qədər geniş olduğunu göstərir. Bunu monoxrom, xalis neftlə (qəhvə rəngində) çəkilmiş Sabir Çobanoğlunun kətanlarından Məmməd Rəşidovun fincan üzərində buxarı xatırladan qəhvə formalı metal spirallı kiçik heykəllərinədək müşahidə etmək olar.

Kuklaçı-rəssamlar Pərviz Hüseynovİrina Qundorinanın yaradıcılıq tandemindən yaranmış “Qəhvəli mələk” və “Qaymaqlı mələk” əsərləri qaymaq və qəhvə, gündüz və gecə kimi bir-birini tamamlayır. Nübar Şahbazova və Fərəh Əliyeva tərəfindən hazırlanmış qadın surətli kuklalar üslubdövr baxımından fərqli olsalar da, onları ətirli içkiyə sevgi birləşdirir.

Mərasimə ölkəmizdə akkreditasiya olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri və I Avropa Oyunları ilə bağlı paytaxtımıza gələn turistlər də qatılmışdı. Sərgi iyunun 30-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 8.