Qurtuluş dastanı Naxçıvan səhnəsində

 

Xəbər verdiyimiz kimi, iyunun 15-də - Milli Qurtuluş Günündə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin Qurtuluş dastanı epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

 

Səhnə əsərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla rəsmilər, muxtar respublikanın elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər. Əsərin müəllifi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev də tamaşanı izləyib. Onunla söhbətləşib təəssüratlarını öyrəndik.

İlk olaraq əsərin yaranma tarixi, orada qabartmaq istədiyi məsələlərə toxunan müəllif Naxçıvan teatrındakı həmkarlarının bu məqamları gözəl duyduğunu dilə gətirdi. Əsərin ilk dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnəyə qoyulduğunu xatırladan İ.Piriyev Naxçıvan səhnəsində premyeranın da yüksək səviyyədə keçdiyini dedi: Tamaşa çox uğurla oynanıldı. Xalq artisti Kamran Quliyevin quruluşu orijinal, meydan tamaşası üslubunda idi. Oyun aktyorlar tərəfindən dinamik, olduqca səmimi və yüksək peşəkarlıqla təqdim olundu. Bizdən fərqli olaraq, bir hissədə oynadıqları tamaşada hadisələr zəminində səhnələrin tempi qətiyyən düşmədi. Bir saat yarım davam edən tamaşa böyük maraqla izlənildi.

Əsərdə baş verən hadisələrə müəllifin yanaşması barədə xoş sözlər eşitdiyini də dilə gətirən İ.Piriyev tamaşadan sonra muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun səhnə arxasına keçərək yaradıcı heyətlə görüşdüyünü dedi: Ali Məclisin sədri yaradıcı heyəti uğurlu tamaşa münasibətilə təbrik etdi. Bildirdi ki, bu tamaşa teatrın kollektivinin tərtibat və quruluşundan asılı olmayaraq, istənilən əsəri tamaşaya qoymaq gücündə olduğunu göstərir. Tarixi mövzulu əsərin həm bədii səviyyəsinin, həm də səhnə həllinin yüksək olduğunu vurğuladı. Sanki bir teatrşünas rəyi ilə əsərin səhnə yozumundan aktyor oyununadək məqamlarına diqqət çəkdi, kollektivin peşəkarlığını qeyd etdi, tamaşanın Naxçıvan teatrının repertuarında xüsusi yer tutacağına inandığını dedi.

Tarix rəsmi sənədlərdə bədii əsərlərdə olduğu kimi uzun müddət yaşaya bilmir, - deyən Ali Məclisin sədri müəllifin Azərbaycan tarixinin mühüm bir dövrünün bədii ifadəsini yaratmasını yüksək dəyərləndirib: Bu kimi xoş sözlər eşitmək, əsərə səmimi münasibət, ələlxüsus da naxçıvanlı həmkarlarımın peşəkar yozumuna yüksək qiymət bir müəllif, teatr adamı olaraq məni çox qürurlandırdı.

Qeyd edək ki, əsərdə 80-ci illərin sonlarında - SSRİ-nin dağılma ərəfəsində baş verən hadisələr, bu fonda ulu öndər Heydər Əliyevə qarşı aparılan çirkin əməllər əks olunub. Müəllif bu məqamlarla müdrik siyasətçinin dühasını, onun mübarizliyini əks etdirməyə çalışdığını deyir: Əsərdə ulu öndərin Qanlı Yanvar hadisələrinə münasibəti, Moskvadan Azərbaycana gəlişi, qarşılaşdığı maneələr, Naxçıvanda həyata keçirdiyi əhəmiyyətli işlər qurtuluşa gedən yol kimi xronoloji ardıcıllıqla öz əksini tapıb. Naxçıvanlı həmkarlarım bu məqamlarda əsərə maraqlı rakursdan yanaşaraq Heydər Əliyevin dövlətçiliyimizin qorunması mübarizəsindəki tərəfdaşlarının, ailə üzvlərinin sevgi dolu obrazlarını gözəl, səmimi, yüksək duyumla son dərəcə məsuliyyətlə ifa etdilər. Tamaşada xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Zəminə Baxşəliyeva və digərləri öz ifaları ilə uğurlu səhnə həllinə nail olmuşdular.

Heydər Əliyevin bədii obrazını yaradan Rza Xudiyevin ifa texnikası, təsvir özəlliyi, obrazın xarakterinə nüfuz imkanları maraqlı idi. Tamaşa quruluş baxımından da ən xoş sözlərə layiqdir. Burada musiqi tərtibatında da maraqlı məqamlar önə çəkilmiş, həssas işlənmişdir. Müasir Azərbaycanın yaradıcısı olan ümummilli liderin mübarizə tarixinin Naxçıvan səhnəsindəki təqdimatı hər bir tamaşaçı kimi məni də fərəhləndirdi.

Həmsöhbətim Naxçıvan səfərinin zəngin təəssüratla yaddaşına yazıldığını dedi: Çoxdandır Naxçıvanda olmurdum. 80-ci illərdə muxtar respublikada tamaşalar oynamış, bütün rayonlarını gəzmişdim. O dövrlə hazırkı durum müqayisəedilməzdir. Gözəlləşən, abadlaşan bölgədə insanların münasibəti, mədəniyyət, incəsənət sevgisi sadəcə çox gözəldir.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 6.