“Cəngi” qələbəyə çağırış deməkdir

 

I Avropa Oyunlarına həsr olunmuş konsert atletlərimizin qələbələrinə musiqi töhfəsi oldu

 

Mədəniyyət və Turizm Nazirliyinin “Bakı-2015” I Avropa Oyunları ilə bağlı təşkil etdiyi silsilə konsert proqramlarından biri iyunun 17-də Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşdi.

 

Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı şəhərimizin qonaqlarına və yerli tamaşaçılara rəngarəng bir proqram təqdim etdi. M.Cəfərovun 50 illik yubileyininbu günlərə təsadüf etdiyini nəzərə alsaq, musiqi axşamı kollektivonun bədii rəhbəri üçün ikiqat əlamətdar idi.

Proqramı tar ifası ilə açan Əməkdar artist Azərbaycanda keçirilən mötəbər idman bayramına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirərək idmançılarımızın uğurlarından bir vətəndaş kimi qürur duyduğunu dilə gətirdi.

“Cəngi” qəhrəmanlığı, döyüşə, qələbəyə çağırışı simvolizə edən musiqidir. “Cəngi”nin təqdim etdiyi konsert də idmançılarımızın Avropa Oyunlarında əldə etdikləri qələbələrə sənət töhfəsi idi. Konsert boyunca idmançılarımızın nailiyyətləri barədə məlumatlar verilir, səhnəyə çıxan hər bir ifaçı növbəti uğuru qeyd edərək musiqi töhfəsini zaldakılara ərməğan edirdi. Atletlərimizin qələbələri ilə musiqinin harmoniyası həmahənglik yaradaraq sənətlə idmanın birliyini, vətənpərvərlik duyğularını təcəssüm etdirdi.

“Cəngi” ansamblı Azərbaycanın musiqi sənətini yaxın və uzaq xaricdə uğurla təmsil edir. Bu nailiyyətlərin arxasında kollektivin böyük zəhməti, fasiləsiz məşqlər, yaradıcılıq axtarışları dayanır. Mahnı Teatrında təqdim olunan konsert də maraqlı repertuarı, məharətli ifaları ilə tamaşaçılara əsl sənət zövqü yaşatdı. Milli köklərə bağlılıq, eyni zamanda məhdud çərçivədə qalmamaq, müxtəlif janrları, tərzləri repertuarda birləşdirmə “Cəngi” qrupu üçün xarakterik göstəricidir. Bu məqamı həmin gün qrup öz ifası ilə bir daha sübut etdi.

Etno caz, ənənəvi caz, türk sənət musiqisi, fransız şansonu, Azərbaycan estradasından mahnıların yer aldığı proqramda musiqiçilər Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynli (piano), Kamran Kərimov (nağara), Lütfiyar Əliyev (saksafon), Coşqun Sadıqov (tütək, balaban), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) solo nömrələrlə çıxış etdilər. Baletmeyster Aytən Bünyatovanın təqdimatında rəqqaslarımız milli rəqslərimizi nümayiş etdirdilər. Etno caz dinləyicini düşünməyə sövq edir, milli rəqs nümunələrimiz tarixin sirlərini pıçıldayaraq şən əhval yaradırdı.

Turistlərin, fəxri qonaqların, Milli Olimpiya Komitəsinin nümayəndələrinin qatıldığı tədbirin ən yaddaqalan məqamlarından biriRusiyadan gələn kinematoqrafçılar qrupunun konserti lentə alması idi. “Cəngi”nin təqdim etdiyi musiqi axşamının kadrları Avropa Oyunlarına həsr olunan sənədli filmdə yer alacaq.

Konsertdən sonra təəssüratlarını bölüşən Mircavad Cəfərovun sözlərinə görə, insanların üzündəki sevincxoş təəssürat, ifalardan aldıqları zövq kollektivi hədsiz dərəcədə məmnun etdi: “Sevinirik ki, uğurlu çıxışımızla tamaşaçılara gözəl istirahət bəxş edə bildik”. Qarşıda daha bir konsertin planlaşdırıldığını deyən M.Cəfərov Avropa Oyunlarının bağlanış mərasimindən sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qələbə qazanan idmançılarımız üçün xüsusi proqramla çıxış etmək istədiklərini bildirdi.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 4.