İdman bayramında Martin MakDonax günləri

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiyası nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir.

Belə səhnə əsərlərindən biriOskar mükafatçısı, məşhur ingilis yazıçısı Martin MakDonaxın Lineynin trilogiyasına daxil olan Gözəllik kraliçası, Konnemarada bir kəllə və Yalqız Qərb tamaşalarıdır. Teatr iyunun 22-dən bu tamaşaların nümayişinə başlayıb, növbəti nümayiş iyunun 24-də olacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və British Council təşkilatının Azərbaycan nümayəndəliyinin birgə layihəsi üzrə hazırlanmış tamaşaların quruluşçu rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. Tamaşalarda əməkdar artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov və başqaları iştirak edirlər.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 3.