İpək Yolu yenə Şəkidən keçəcək

 

Ənənəvi beynəlxalq musiqi festivalına hazırlıq görülür

 

2010-cu ildən ənənəvi olaraq qədim Şəki şəhərində keçirilən İpək Yolu festivalı yenə dünyanın müxtəlif ölkələrindən sənətçiləri bir araya gətirəcək. Azərbaycan Bəstəkarlar İttifaqından verilən məlumata görə İpək Yolu VI Beynəlxalq Musiqi Festivalına hazırlıq işləri aparılır.

 

İyulun 1-dən 5-dək keçiriləcək festivalda Şərq və Qərb mədəniyyətini təmsil edən tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər.

İpək Yolu festivalının özəlliyi və bənzərsizliyi ondan ibarətdir ki, onun bütün tədbirləri füsunkar memarlıq abidələrinin - Şəki Xan Sarayı, Yuxarı Karvansaray tarixi kompleksi, Kiş kəndində yerləşən Alban məbədinin ecazkar mənzərəsi önündə keçirilir. Festival günlərində dirijor Fəxrəddin Kərimovun idarəsi ilə Adana (Türkiyə) şəhərindən Çukurova Simfonik Orkestrinin (solist - T.Qəniyev) və C.Tağızadənin rəhbərliyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının Baku-Sinfonietta orkestrinin, YaponiyaPolşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları - Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir.

Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların və etnik qrupların folklor kollektivlərinin çıxışı olacaq. İki gün ərzində (3-4 iyul) təqdim olunacaq bu konsertlər Azərbaycanın etnik və mədəni zənginliyini bir daha nümayiş etdirəcək.

Bu füsunkarparlaq rənglər və səslər aləminin festivalda təmsil olunması bir il öncə ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək.

Beləliklə, bugünlərdə paytaxtımızda keçirilən böyük idman bayramında Baku-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma ideyaları İpək Yolu VI Şəki Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 4.