Hər daşın öz yaddaşı

 

Ölkəmizdə mədəni irsin qorunmasına, öyrənilməsinə və təbliğinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Çünki gələcəyi qurmaq keçmişin təcrübələrinə əsaslanır. Keçmişi yaşatmaq isə gələcəyə təminat deməkdir. Öz tarixini, mədəni irsini, abidələrini qorumaq sadəcə keçmişi araşdırmaq üçün deyil, tarixə nəzər salıb baş verənlərdən düzgün nəticə çıxarmağa bir vəsilədir.

 

Azərbaycan ərazisində min illərin o tayından boylanan zəngin maddi-mədəniyyət nümunələri var. Bu abidələr müəyyən tarixi mərhələni, hadisəni özündə yaşadır. İslam dininin ölkəmizdə bərqərar olması ilə bu mədəniyyətin özünəməxsus elementlərini əks etdirən nümunələr meydana gəlməyə başladı. Azərbaycanda ta qədimdən ən müxtəlif dünyagörüşləri əks etdirən mədəni irs nümunələrinə tolerant münasibət olmuşdur. Ölkəmizdə müxtəlif dinlərə aid ibadət yerləri var. Dini abidələr və məscidlər təmir-bərpa olunur, habelə yeniləri inşa edilir. Təsadüfi deyil ki, müsəlman dininə aid məkanların zəngin olduğu Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Məscidlər tarixən təkcə ibadət və dini mərasimlər üçün tikilmirdi. O, çoxfunksiyalı bina idiorada keçirilən tədbirlər həm də müsəlmanlar arasında ünsiyyəti, birliyi gücləndirməli idi.

Tarixən Azərbaycan memarları möhtəşəm məscid binalarının, xanəgah və təkyələrin tikintisinə öz töhfələrini vermişlər. Abşeron ərazisində olan bir neçə xanəgah bu günöz əzəmətini qorumaqla yanaşı, turizmin inkişafına və ölkəmizə səfər edən xarici qonaqların marağına səbəb olur. Buna misal olaraq Şirvanşahlar saray kompleksinin adını çəkə bilərik. Açıq havada muzey kimi fəaliyyət göstərən kompleksə daima böyük turist axını var. Bu məkana gələnlər həm də görkəmli mütəfəkkir Seyid Yəhya Bakuvinin xanəgahını ziyarət edirlər.

Bakıdakı Bibiheybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axistan tərəfindən inşa etdirilib. Burada şiələrin VII imamı Kazımın qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlanbir qız nəvəsinin məzarı yerləşir. Məscidin divarında tarixi faktlar yazılan kitabə var. Kitabədə qeyd edilir ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyyiddir. Məşhur tarixçilər əsərlərində bu kitabə haqqında məlumat veriblər. Həzrəti Həkimə xanımın burada dəfni müəyyən müddət sirr saxlanılsa da, sonradan hamıya bəlli olur. Sovet dövrünün ateistlik ab-havası bu məsciddən də yan keçməmişdir. 1934-cü ildə ziyarətgah yerlə-yeksan olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə məscidin bərpasına başlanıldı. Klassik Şərq üslubunda inşa edilən məscidin açılışı 2008-ci ildə reallaşdı. Tarixi İpək yolu üzərində yerləşməsi bu ziyarətgaha marağı daha da artırır. İslam müqəddəslərinin ziyarətinə gedən dindarlar bu məscidi ziyarət etdikdən sonra yollarına davam edirlər.

Cümə məscidi Bakının qədim dini ocaqlarından biridir. Bu məscid də özündə tarixin sirlərini yaşadır. Onun qədim atəşgah binasının özülü üzərində inşa olunması haqqında fikirlər var. Səlcuqlar dövrünün köşk tipli məscidlərinə bənzəyən kompleksdən bugünümüzə yalnız İçərişəhərdə uca bir minarəsi qalmışdır.

Məhəmməd məscidi (Sınıqqala da deyilir) paytaxtın ən qədim məscididir. İki yeraltı və yerüstü mərtəbədən ibarət olan məscid binası X-XI əsrlərdə inşa edilmişdir. 1723-cü ildə rusların Bakını top atəşinə tutmasından sonra tikiliyə Sınıqqala adı verilib. Məscidin şimal tərəfində kufi xətti ilə yazılmış kitabədə deyilir ki, Bu məscidin binasını tikməyi əmr etdi ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr 1471-ci ildə. Bəzi mütəxəssislər Məhəmməd ibn Əbu Bəkri məscidin memarı, görkəmli alim Cəfər Qiyasi isə sifarişçisi, həm də şəhərin rəisi olduğunu qeyd edir.

Paytaxtın özünəməxsus memarlıq nümunələrindən biri də Təzəpir məscididir. Gözəlliyi ilə diqqəti cəlb edən bina təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzlərindən hesab olunur. Ziyarətgahın tarixi XIV-XV əsrlərə təsadüf edir. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin süxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər Xəlfədam adı ilə tanınırdı. 1817-ci ildə Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. Nabat xanım Xocabəy qızı birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər bu tikili Təzəpir məscidi adlanır. Bu abidə özünün həcm və memarlıq həllinə görə bütövlükdə Abşeronun dini tikililəri arasında xüsusi yer tutur.

İslam dinində xanəgah, məscid anlayışları ilə yanaşı, türbə anlayışı da olub ki, bu tikililər özünəməxsusluğu ilə seçilib. Türbə görkəmli islam alimlərinin, vəlihədlərin, hökmdar və onların ailə üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikilidir. Bu abidələrin öyrənilməsi dövlətçilik tariximiz üçün böyük önəm daşıyır. Çünki bəzən bu türbələr üzərində həkk olunmuş yazılar həm siyasi, həm də tarixi baxımdan əhəmiyyətli sübutların əldə edilməsinə xidmət edir. Bu baxımdan QarabağlarAzman xarakterik nümunələrdir.

XIV əsrdə Əmir Teymur deyirdi ki, Xoşbəxt o kəsdir ki, içərisinə girməzdən öncə özünə türbə hazırlayır. XIII əsrin böyük şair və mütəfəkkiri Mövlanə Cəlaləddin Rumi öz ardıcıllarına vəsiyyət etmişdi ki, Bizim türbələrimizi elə uca tikin ki, onlar hər yerdən görünsün. Türbələrin müsəlman dünyasında əsas yayıcıları Səlcuqlar olmuşlar.

Abşeronun ən çox ziyarət edilən məkanlarından biriMir Mövsüm Ağa ziyarətgahıdır. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talib Ağanın oğlu Seyidəli fiziki cəhətdən zəif olsa da, kiçik yaşlarında ailə üzvləri, qohumları onda qeyri-adilik hiss edirdilər. Seyidəli uzun illər İçərişəhərdəki evlərində yaşayıb. Sağlığında bu ev Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah yeri olub. O, vəfat etdikdə Şüvəlan kəndində dəfn ediblər. Bu gün həmin ziyarətgahı yerli əhali ilə yanaşı, xarici ölkələrdən gəlmiş insanlar da ziyarət edirlər.

Azərbaycanın dini abidələrinin hər biri öz siması, taleyi, tarixi yaddaşı ilə bənzərsizdir. Abşeron yarımadasında dini məqsədlə inşa edilən hər bir abidə özündə hansı dinin xüsusiyyətlərini daşımasından asılı olmayaraq, ölkəmizin zənginliyinin göstəricisidir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 12.