Türk uşaq ədəbiyyatı həftəsi

 

Martın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində “Türk uşaq ədəbiyyatı həftəsi”nin açılış mərasimi keçirildi.

 

Tədbirin məqsədi böyüməkdə olan nəsli türk xalqının mədəniyyəti, adət və ənənələri, uşaq ədəbiyyatı, musiqisi ilə tanış etmək, mütaliə mədəniyyətini aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, maarifləndirməkdir. Tədbirdə türk uşaq ədəbiyyatının “Yazarlarımızdan çocuqlara”, “Sevimli uşaq yazarı Gülsüm Cengiz”, “Rengarenk masallar”, “Kitaplar dizisi”, “Deyimler ve öyküler”, “Kardelen kitaplar”, “Tarihe iz bırakanlar”, “Kitap sepeti” adlı kitab sərgiləri təşkil olunmuşdu.

Açılış mərasimində Anadolu türk liseyinin xor kollektivi, “Pətək” İctimai Birliyinin kukla teatrı, Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta təhsil internat məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. “Türkiyə - Azərbaycan”, “Biz birlikdəyik” videoçarxı nümayiş olundu.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Nəşriyyat sektorunun baş məsləhətçisi Aslan Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmet Arslan, türkiyəli uşaq yazarı Sema Maraşlı, TİKA-nın təmsilçisi Özgün Öztürk, təşkilatın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polat, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanın uşaq yazıçı və şairləri, paytaxtın 7, 8 və 160 saylı məktəblərinin şagirdləri iştirak edirdilər.

Tədbirin sonunda Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirdə fəal iştirakına görə Sumqayıt şəhər Mədəniyyət evinə, fars-ingilis dilləri təmayüllü internat məktəbinin iştirakçılarına, ən yaxşı şeir söyləyən Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin VII sinif şagirdi Zeynalabdin Bağırzadəyə diplom və hədiyyə təqdim etdi. Tədbiri izləyən məktəblilərə kitabxananın vizit kartı, türk uşaq ədəbiyyatından kitablar və kitabxananın təsis etdiyiGöy qurşağı” uşaq jurnalı hədiyyə edildi.

Qeyd edək ki, “Türk uşaq ədəbiyyatı həftəsi” martın 6-dək qədər davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 2.