Sənət tariximizi zənginləşdirən heykəltəraş

 

XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında və yeni bədii-estetik məziyyətlərlə zənginləşməsində əvəzsiz xidmətləri olan sənətkarlarımızdan biri də Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq rəssamı, heykəltəraş İbrahim Zeynalovdır.

İbrahim İsmayıl oğlu Zeynalov 1934-cü il dekabrın 27-də Bakıda anadan olub. Erkən çağlardan sənətə böyük maraq göstərib. Natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildən 1956-cı ilədək Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Xarkov Rəssamlıq İnstitutunda təhsilini davam etdirib, 1962-ci ildə bu ali məktəbin heykəltəraşlıq fakültəsindən məzun olub.

O, 1957-ci ildən müxtəlif ümumittifaq və beynəlxalq səviyyəli sərgilərin iştirakçısı olur. 1971-1973-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973 -1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professorkafedra müdiri vəzifələrində çalışıb. 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.

Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməyib. Zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf edib. Onun monumental heykəl, büst-portret və digər heykəltəraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltəraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.

Tişə ustası tarixi şəxsiyyətlərin - Mücirəddin Beyləqani, Əcəmi Naxçıvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə öz töhfələrini verib. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Bu gün həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsinə çevrilib.

Onun heykəllərinin yonulma manerasında, forma-biçim, mütənasiblik meyarında tamaşaçını ovsunlaya biləcək bir məntiqə tapınan sənətkarlıq var. Bu Уböyük sənət ölçüsüФ o, bütün ömrü boyu ləyaqətlə qoruya bilib. Nəticədə Azərbaycan heykəltəraşlıq sənəti müxtəlif materiallara hopmuş böyük sənətkar təxəyyülünün onlarla bənzərsiz ifadəsini qazanıb.

Heykəltəraşın Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1972-ci ildə SSRİ, 1976-cı ildə Azərbaycan Dövlət mükafatları laureatı olub. 1975-ci ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Xalq rəssamı adına layiq görülüb. Görkəmli sənətkar 2008-ci il martın 6-da dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 11.