Bu kino ki var...”

 

Unudulmaz aktyor Səməndər Rzayevin xatirəsi yad edildi

 

Martın 4-də Dövlət Film Fondunda görkəmli aktyor, Əməkdar artist Səməndər Rzayevin (1945-1986) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi mərasimin iştirakçıları əvvəlcə sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Səməndər Rzayevin milli aktyorluq sənətində yerindən bəhs etdi: “60-cı illərin ortalarında Azərbaycan teatrında böyük hadisə baş verdi. Həmin illərdə teatrımıza çox istedadlı nəsil gəldi. Bu nəslin nümayəndələrindən biri də məhz Səməndər Rzayev idi. O həm teatrda, həm də kinoda bir-birindən parlaq, rəngarəng obrazlar yaradıb. Bu böyük sənətkarla işləmək xoşbəxtliyi mənə də qismət olub”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə aktyorun həyat və fəaliyyətindən geniş danışdı. Bildirdi ki, onun Azərbaycan kinosu və teatrı tarixində xidmətləri təkcə oynadığı rollarla məhdudlaşmır. Səməndər Rzayevin dublyajdakı işi yaratdığı rollar qədər peşəkar idi. O, səsləndirdiyi obrazın daxilinə nüfuz edirdi. Kinorejissor Rasim Ocaqovunİstintaq” filmində Aleksandr Kalyagin kimi böyük sənətkar müstəntiq rolunu oynayır. Bu obrazı Azərbaycan dilində Səməndər Rzayev səsləndirir. Amma filmə baxanda bizə elə gəlir ki, bu, S.Rzayev deyil, A.Kalyagin özü Azərbaycan dilində danışır. Bu onun böyük sənətkar olduğuna daha bir nümunədir.

Tədbirdə vaxtilə Səməndər Rzayevlə birgə çalışmış aktyorlar, sənət adamları onunla bağlı xatirələrini bölüşdülər.

Qeyd edək ki, Səməndər Rzayev Azərbaycan kino tarixində yaddaqalan obrazları ilə geniş tamaşaçı rəğbəti qazanıb. “Nəsimi” filmində Şirvanşah İbrahim, “Babək”də İbn Bəis, “Od içində” filmində Tomar bəy, “Bəyin oğurlanması”nda Hidayət müəllim, “Babamızın babasının babası”nda Əliquliyev, “Evlənmək istəyirəm”də Həsənağa, “Bağ mövsümü”ndə Ağamirzə və başqa ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 5.