Beynəlxalq Qadınlar Günü münasibətilə xeyriyyə sərgisi

 

Martın 6-da Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının əl işləri adlı xeyriyyə sərgisi təşkil edilib. Ənənəvi olaraq qeyd edilən, Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XII əl işləri sərgisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilib.

Ümidsizlərin ümidi ol! layihəsi çərçivəsində planlaşdırılan xeyriyyə sərgisindən əldə olunan gəlir imkansız ailələrə təqdim ediləcək. Layihə çərçivəsində hər ay ehtiyacı olan 50 ailəyə ərzaq paketi paylanacaq, 50 universitet tələbəsinə təqaüd veriləcək və 50 xəstənin dərman ehtiyacları ödəniləcək.

Sərginin açılış mərasimində Gəncliyə Yardım Fondu himayəçilər şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, yardıma ehtiyac duyan ailələri sevindirmək, dərdlərinə şərik olmaq insanlıq və vətəndaşlıq borcudur.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 11.