Mingəçevir Turizm Kollecində türkiyəli mütəxəssislərlə görüş

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Mingəçevir şəhərində mehmanxana əməkdaşları üçün treninqlər təşkil edilib. Kursları türkiyəli mütəxəssislər tədris ediblər.

Martın 6-da Mingəçevir Turizm Kollecində türkiyəli nümayəndələrlə görüş keçirilib. Kollecin direktor müavini Vəfa İbişova qonaqlara tədris ocağı haqqında məlumat verib. Bildirib ki, təhsil müəssisəsi beynəlxalq əlaqələrə xüsusi önəm verir.

Türkiyəli müəllimlər Ömər Hammutoğlu, Murat Özen, Selcan Özdəmir və Neslihan Aktaş turizmin ayrı-ayrı xidmət sahələri barədə danışıblar. Sonra qonaqlar görüş iştirakçılarının suallarını cavablandırıblar.

Türkiyəli müəllimlər xüsusilə turizm ixtisası üzrə təhsil alan gənclər üçün bir neçə xarici dil öyrənməyin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu sahədə tapmaquğurlu karyera qurmaq mümkündür, amma bunun ən birinci şərti keyfiyyətli təhsil almaqdadır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 9.