Bizim Olimpiada

 

Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş festivala yekun vurulub

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonundakı Q.Abbasov adına Mədəniyyət sarayında Bizim Olimpiada adlı festivalın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Fevral ayı ərzində idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında təşkil edilən festival Bakı 2015 Avropa Oyunlarına həsr olunub. Şagirdlərin rəsm və əl işlərindən ibarət festivalın məqsədi Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, təsviri və dekorativ-tətbiqi sənətin inkişaf etdirilməsidir.

Yarışmaya 7-16 yaş qrupu üzrə şagirdlər qatılıblar. Rəsmlər kağız, kətan və digər materiallar üzərində işlənilib. Festivalda kağız, kətan və digər materiallar üzərində istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaşs.) çəkilmiş əl işləri qəbul olunub. Festivala ümumilikdə 322 əl işi, o cümlədən 278 rəsm təqdim olunub. Mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən 105 (27 əl işi, 78 rəsm) seçilib.

10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 8.