Dövlətin diqqət və qayğısı milli teatrın inkişafına stimul verir

 

Teatr Xadimləri İttifaqında səhnə veteranları ilə görüş keçirilib

 

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Milli Teatr Günü münasibətilə səhnə veteranları ilə görüş keçirildi.

 

Tədbirdə çıxış edən ittifaqın idarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, Azərbaycan teatrı bütün tarixi dönəmlərdə milli sənət təfəkkürünün ənənələrinə, ümumbəşəri humanist ideallara sadiq qalıb: “142 illik möhtəşəm inkişaf yolu keçən peşəkar teatrımız bir an belə inkişafdan qalmamışdır. M.F.Axundzadə ilə başlayan teatr hərəkatı Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanov, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev və digər qüdrətli sənət xadimlərimizin fəaliyyəti ilə gününüzə qədər gəlib çatmışdır. Bu günmilli teatr sənətimiz yüksək inkişaf mərhələsindədir. Dövlətimiz tərəfindən mədəniyyətimizin, incəsənətimizin və onun mühüm tərkib hissəsi olan teatr sənətinin davamlı inkişafına yönələn dövlət proqramı qəbul edilmiş, bu sahədə qanun və sərəncamlar imzalanmış, irimiqyaslı beynəlxalq tədbirlər həyata keçirilmişdir”.

Teatr Xadimləri İttifaqı idarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov qeyd etdi ki, bu gün milli teatr sənətində baş verən canlanma ilk növbədə Prezident İlham Əliyevin mədəniyyətə, xüsusilə teatr sənətinə qayğı və diqqəti sayəsində baş verib. MDB ölkələri içərisində ilk dəfə 2006-cı ildə Azərbaycanda “Teatrteatr fəaliyyəti haqqında” qanun qəbul olunub, 2009-cu ildə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilib. Bu sənədlər milli teatrın fəaliyyətinə və inkişafına əsaslı stimul yaradıb.

Tədbirdə teatr sənətinin inkişafında xidmətlərinə görə akademik Kamal Abdulla, professorlar Timuçin Əfəndiyev, Məryəm Əlizadə, xalq artistləri Şəfiqə Məmmədova, Ağakişi Kazımov, Arif Quliyev, Cəfər Namiq Kamal, Böyükxanım Əliyeva, Azərbaycan Dövlət OperaBalet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, rejissor, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, C.Cabbarlı adına Teatr Muzeyinin direktoru Nuridə Nurullayeva, əməkdar artistlər Mirzə Ağabəyli, Vaqif Əliyev, Rəhman Rəhmanov, aktrisalar Raziyə Şirinova, Əminə Babayeva və başqaları ATXİ-nin təsis etdiyi “Sənətkar” medalı ilə təltif edildilər.

Mükafata layiq görülənlər onlara göstərilən diqqət və qayğıya görə Teatr Xadimləri İttifaqına öz dərin təşəkkürlərini bildirdilər. Tədbirdə musiqili proqram təqdim olundu.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 4.