Bakıda Tacikistan kinosu günləri keçirilir

 

Martın 10-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Tacikistan kinosu günlərinin açılışı oldu. Tədbir iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə keçirilir.

 

Açılış mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev son illərdə Tacikistan kinosunun böyük inkişafa nail olduğunu vurğuladı. Qeyd etdi ki, kino günləri Azərbaycan və Tacikistan kinematoqrafçılarının əlaqələrinin gücləndirilməsində vacib addımdır.

Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan və Tacikistan xalqlarını tarixi dostluq telləri, ortaq ənənələr və mənəvi dəyərlər bağlayır.

Sonra "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın Xalq artisti Sayram İsayevaaktyor Abdukarim Maşrabov səhnəyə çıxdılar. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə etdilər. Azərbaycan xalqının böyük mədəniyyətə və qonaqpərvərliyə malik olduğunu bildirərək ölkəmizin kino, teatr, ədəbiyyat, incəsənət sahəsində dünya mədəni irsinə töhfələr verdiyini vurğuladılar.

Kino günlərinin açılışında tamaşaçılara Nosir Saidovun "Müəllim" bədii filmi təqdim olundu. Martın 14-dək davam edəcək Tacikistan kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində Mən bir qıza rast gəldim, sərçə, Rüstəm və Zöhrab, Müharibə dəhşətləri və digər filmlər - ümumilikdə 5 bədii və 5 sənədli ekran əsəri nümayiş olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 2.