40 ildir gitara əlimdən düşmür...

 

Gəlin, musiqimizi yad notlardan qoruyaq, bayağı musiqilərə yer verməyək

 

Musiqi mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində bir çox parlaq nümayəndələr yetişmişdir. Uzun illərdir Azərbaycan ifaçılıq sənətinə öz töhfəsini verən belə sənətkarlardan biri də tanınmış gitaraçı Rəhman Məmmədlidir. Onunla söhbətimizdə sənət yoluna nəzər saldıq.

 

- Rəhman müəllim, gitara ifaçıları arasında öz dəst-xəttiniz var. Niyə məhz bu aləti seçdiniz?

- Gitaranı seçməyim yəqin ki, zamanın tələbindən irəli gəldi. 1968-1970-ci illər elektrogitaranın Azərbaycanda populyar vaxtı idi. Amma düşünürəm ki, insanın taleyinə yazılıbsa, o da olmalıdır. Məktəbdə əlaçı idim, olimpiadalarda riyaziyyat fənnindən həmişə qalib olardım. Amma qismət belə gətirdi mən musiqiçi oldum. Bunun da səbəbi var. Böyük qardaşıma dərsdən əlavə məşğul olmaq üçün qarmon aldılar. Aləti mənə vermədiyinə görə, gizlicə götürüb çalar, o, dərsdən qayıdana qədər yerinə qoyardım. Təsadüf elə gətirdi ki, qardaşım musiqi ilə məşğul olmadı, amma mənim sənət sevgim üstün gəldi. Artıq 7-ci sinifdə oxuyanda kəndimizdə toylara gedirdim. Gitara ilə tanışlığımın da öz tarixçəsi var. Qohumlarımızdan birinin evində klassik gitara gördüm. Xahiş etdim ki, bir neçə günlük mənə versin. Gitaranı evə gətirdim elə ilk gündən bu alətdə ifa etməyə başladım. Beləcə, 40 ildir ki, gitara əlimdən düşmür.

- Musiqi sahəsi üzrə təhsilinizi davam etdirdiniz, yoxsa sadəcə el məclislərində püxtələşməklə kifayətləndiniz?

- Təbii ki, hər bir sənətkar bədii özfəaliyyət kollektivlərində, ansambllarda təcrübə toplayır. Amma mən Mədəniyyət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini klub işinin təşkili, kütləvi tədbirlər ixtisası üzrə bitirdim. Görkəmli tarzənimiz Həbib Bayramov məni 1985-ci ildə öz kollektivinə dəvət etdi. Həmin ansamblda tarzən kimi çalışdım. Bəzən lazımi məqamlarda gitaradan da istifadə edirdik. Bu zaman artıq Bakıda tanınmağa başladım, digər ansambllara da dəvətlər aldım. Uzun müddət mərhum xanəndə Səxavət Məmmədovla birlikdə çalışdım. Daha sonra Dilkəş xalq çalğı alətləri ansamblında Xalq artisti mərhum Məmmədbağır Bağırzadə ilə birgə fəaliyyət göstərdik. Onunla çoxlu qastrol səfərləri, bölgələrimizdə konsert proqramlarımız olurdu. Onu da qeyd edim ki, dünya şöhrətli Zeynəb Xanlarova da məni öz ansamblına dəvət etmişdi. Bir müddət həmin ansamblda fəaliyyət göstərdim.

- Bu illər ərzində yetişdirdiyiniz tələbələriniz oldumu?

- Düzü, bu günə kimi gitaranı öyrətmək mexanizmini tapa bilməmişəm. Bəlkə bu səbirsizliyimdən irəli gəlir. Çoxlu müraciətlər olur. Amma elə istedadlı gənc ifaçılar var ki, onların ifasını dinləyəndə elə bilirlər ki, mənim çalğımdı. Onlar özləri ifamı dinləyərək tam mənimsəyiblər. Bu da təqdirəlayiqdir.

- Bu gün gitaranı əlinizə alanda ilk olaraq hansı notlar keçir qəlbinizdən?

- Segah muğamı. Mənim ifamda populyar olan Baş sarıtel, Apardı sellər Saranı kimi xalq mahnıları. Məclislərin birində Xalq şairi Zəlimxan Yaqub aşıqlara deyib ki, gedin Baş sarıteli necə ifa etməyi Rəhman Məmmədlidən öyrənin.

- Bəs bu gün gitara ifaçılığı məktəbini, eləcə digər ifaçılıq istiqamətlərini necə dəyərləndirirsiniz?

- Həm repertuarda, həm ifaçılıqda böyük fərq var. Əvvəllər ifaçıların sayı az olsa da, keyfiyyət var idi. Bu gün bir sıra alətlərin ifaçılığında keyfiyyət aşağıdır. Düzdür, istedadlı, düzgün ifa edən musiqiçilərimiz az deyil. Ötən zamanlarda estrada musiqisinə çox az yer verilərdi, xalq mahnılarımız, muğamlarımız, bəstəkar mahnılarımız ifa edilərdi. Bu gün daha çox estrada janrı dəbdədir. Bu da gənc nəslin estetik zövqünün formalaşmasına təsirsiz ötüşmür. Hərçənd ki, muğamlarımız bu gün yüksək səviyyədə təbliğ edilir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva muğam sənətinə bu qədər diqqət ayırıb onu tanıdırsa, biz gərək bir vətəndaş kimi ona dəstək olaraq təkcə muğamı deyil, bütün milli dəyərlərimizi birlikdə mühafizə edək, bayağı musiqilərə yer ayırmayaq. Bu hal məni həddən artıq narahat edir. Telekanallarımızda nümayiş olunan bəzi verilişlər musiqilər milli-mənəvi dəyərlərimizə yaddır.

- Tamaşaçı, dinləyici rəğbəti sizin üçün deməkdir?

- Xalqın sevgi hörməti mənə ruh verir. Təkcə vətəndə deyil, Azərbaycandan kənarda da özümə qarşı bu hörməti görürəm. Sənətkara lazım olan da elə budur. İndiyə kimi 14 albomum satışa çıxarılıb hər biri dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Hazırda yeni albom üzərində çalışıram. İnanıram ki, musiqisevərlər bu albomu da bəyənəcəklər.

- Oxucularımıza sözünüz...

- Bütün xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Bir soydaşlarımdan təmənnam budur ki, gəlin, musiqimizi yad notlardan qoruyaq. Bu, təkcə dövlət qurumlarının deyil, hər birimizin borcudur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 10.