Bakıda Misir kurortlarının təqdimatı keçirilib

 

Azərbaycanlı turistlərə bu ölkəyə Gürcüstandan uçmaq təklif edilir

 

Bakıda Misirin Air Cairo aviaşirkətinin və Gürcüstanın InterSo Travel Group şirkətinin birgə təşkilatçılığı, Azərbaycanın Dərviş Travel turizm şirkətinin dəstəyi ilə məşhur kurort şəhərləri Şarm əl-Şeyx və Hurgadanın turizm imkanlarının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın turizm şirkətlərinin və Misirin ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Air Cairo aviaşirkəti ötən ilin noyabrından Şarm əl-Şeyx-Tbilisi-Şarm əl-Şeyx marşrutu ilə uçuşlar reallaşdırmağa başlayıb. Əvvəlcə həftədə 2 dəfə həyata keçirilən uçuşların sayı indi 3 dəfəyə çatdırılıb.

InterSo Travel Group şirkətinin keyfiyyət meneceri Tamara Axalbedaşvili bildirib ki, bu, geniş əməkdaşlığın başlanğıcıdır. Onun sözlərinə görə, Air Cairo bu ilin iyulundan Hurgada-Tbilisi marşrutu üzrə həftədə 4 dəfə uçuşlar həyata keçirəcək: Beləliklə, Gürcüstandan Misirə həftənin bütün günləri aviareyslər olacaq. Biz düşünürük ki, bu, azərbaycanlı turistlər üçün də maraqlı olacaq. O əlavə edib ki, InterSo Travel Group Gürcüstanın aparıcı turoperatorlarındandır, Avropa, Asiya, Orta Şərq, Latın Amerikası ölkələrinə turlar təşkil edir.

Dərviş Travelin direktoru Nadir Nadirov tədbir iştirakçılarına Şarm əl-Şeyx kurortları haqqında məlumat verərək bildirib ki, bir çox turistlər Misirdə baş verən siyasi proseslərə görə bu ölkəyə səfər etməkdən çəkinirlər. Amma Misirin coğrafiyası haqqında məlumatı olanlar yaxşı bilirlər ki, Şarm əl-Şeyx turistlər üçün çox təhlükəsizdir: İldə 5 milyon turist qəbul edən bu tanınmış mərkəz paytaxt Qahirədən 500 km aralıda yerləşir. Şarm əl-Şeyx turistlər üçün ideal bir məkandır. Burada dincəlmək qiymətlər baxımından da sərfəlidir.

Tədbirdə o da qeyd edilib ki, Tbilisi-Şarm əl-Şeyx reyslərindən hər dəfə ən azı 50 Azərbaycan vətəndaşı istifadə edir. Tədbirin təşkilatçıları təqdimatdan sonra bu rəqəmin daha da artacağına ümid etdiklərini də diqqətə çatdırıblar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 9.