Muğam aləmi - hüdudsuz məkan

 

Bakıda IV Beynəlxalq Muğam Festivalı işə başlayıb

 

Martın 11-də Heydər Əliyev Mərkəzində Muğam aləmi IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi olub.

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyət Fondunun iştirakı ilə keçirilən festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, Britaniya, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, SloveniyaNiderlanddan ifaçılar, musiqi qrupları, sənətşünaslar dəvət olunub.

Dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub. Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür.

Azərbaycan həm milli-mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var - bu, ənənəvi olaraq Bakıda keçirilən Muğam aləmi Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir.

 

 

 

 

 

Müraciət bu fikirlərlə tamamlanır: İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır.

Festivalın açılış mərasimində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib.

Martın 18-dək davam edəcək festival çərçivəsində Bakıda və ölkəmizin bir sıra bölgələrində Azərbaycan və xarici ölkə musiqiçilərinin iştirakı ilə konsertlərin, beynəlxalq elmi simpoziumun (12-14 mart), beynəlxalq muğam müsabiqəsinin (15-17 mart) keçirilməsi nəzərdə tutulub.

Konsertlərdə Azərbaycandan muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev, habelə istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.

Festival proqramına Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Dövlət Xor Kapellası, Sinfonietta orkestri və digər kollektivlərin çıxışları daxildir.

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 8.