Diplomatiya tariximizə töhfə

 

Atatürkün azərbaycanlı dostu haqqında kitab

 

Tarixçi-publisist Təranə Cəbiyevanın diplomat, ictimai xadim, Azərbaycanın Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri olmuş İbrahim Əbilovun (1881-1923) xatirəsinə ithaf etdiyi “Səlahiyyətli səfir” kitabı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə nəşr olunan kitaba AMEA-nın həqiqi üzvü Teymur Kərimli ön söz yazıb.

 

Martın 16-da Azərbaycan Atatürk Mərkəzində “Səlahiyyətli səfir” kitabının təqdimatı keçirildi. Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov tədbiri açaraq İbrahim Əbilovun Türkiyədə diplomatik fəaliyyətindən, 1921-1923-cü illərdə Mustafa Kamal Atatürklə dostluq münasibətlərindən danışdı, Təranə Cəbiyeva kitabının tarixi mənbələr əsasında ərsəyə gəldiyini diqqətə çatdırdı.

Tədbirdə akademik Cəlal Əliyevin “Səlahiyyətli səfir” kitabı haqqında fikirləri və müəllifə təbriki oxundu.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin əməkdaşı Ramazan Abbasov, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun əməkdaşı Aslan Cəfərov, 1921-ci ildə Türkiyədə fəaliyyət göstərən Azərbaycan səfirliyinin əsgəri Qara Dünyamalıyevin qızı Zemfira Dünyamalıyeva, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov və digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açdılar. İbrahim Əbilovun 1921-1923-cü illərdə Azərbaycan-Türkiyə əlaqələrinin qurulmasında, ermənilərin Naxçıvana qarşı qərəzli böhtanlarının qarşısının alınmasında böyük xidmətləri olduğu vurğulandı.

Sonda müəllif Təranə Cəbiyeva çıxış edərək nəşrin ərsəyə gəlməsində dəstəyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirdi.

 

Sevinc Hacıyeva

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 15.