Elimizə bahar gəlir

 

Bölgələrdə Novruzla bağlı tədbirlər təşkil olunub

 

Martın 18-də Kürdəmirdəki mədəniyyət və istirahət parkında rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə "Hovruz gəlir, yaz gəlir" adlı bayram tədbiri keçirildi. Tədbiri MKS-nin direktoru Ş.Şixəliyev açaraq iştirakçıları bayram münasibətilə təbrik etdi, Novruzun eyni zamanda bərabərlik, əmin-amanlıq və barış bayramı olduğunu qeyd etdi.

Bahar qızın gəlişi ilə başlayan şənlik Novruzun əsas personajları Kosa və Keçəlin macəraları ilə, viktorinalarla, rəngarəng milli musiqi nömrələri və rəqslərlə davam etdi. Tədbirdə Novruz bayramına həsr edilmiş kitab sərgisi də nümayiş olundu.

 

* * *

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Gəlmə, Dəli Quşçu, Əlvənd kənd kitabxana filiallarında “Elimizə bahar gəlir” adlı tədbirlər keçirilib. Mərasimdə çıxış edənlər Novruzun qədimliyi, adət-ənənələri ilə bağlı geniş məlumat veriblər. Tədbir iştirakçıları qədim məişət avadanlıqlarının sərgisini, qol güləşi, kəndirdartma, yumurta döyüşdürmə səhnələrini izləyiblər. Novruza, bahara aid şeirlər, mahnılar iştirakçıların könlünü oxşayıb.

 

* * *

Martın 17-də Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanadaYurdumuza bahar gəlir” mövzusunda musiqili tədbir keçirilib. Qeyd olunub ki, Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Tədbirdə bahar ovqatlı şən musiqilər, rəqslər ifa olunub, Novruza, çərşənbələrə aid şeirlər, bayatılar səsləndirilib. Bahar qızının, Kosa və Keçəlin iştirakı ilə göstərilən səhnəcik mərasimə xüsusi rəng qatıb. Sazçalanlar qrupunun çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

 

* * *

Martın 16-da Şəki rayon I Biləcik kənd kitabxana filialı kənd orta məktəbində “ Elimizə novruz gəlir” adlı ədəbi-bədii kompozisiya keçirib. I Biləcik folklor evi ilə birlikdə hazırlanan tədbirdə kitabxananın müdiri Məkkə Məmmədova Novruz bayramının xalqımızın mədəni-mənəvi irsində yerindən söz açıb. Folklor evinin əməkdaşlarının, məktəb şagirdlərinin ifasında mahnı və rəqslər təqdim olunub, şeirlər səsləndirilib.

 

* * *

Salyan rayonunda da minillik dəyərlərimizin məcmusu olan Novruz bayramı münasibətilə tədbir keçirilib. Novruz adət-ənənələrini əks etdirən kitab sərgisi təşkil edilib, rəngarəng Azərbaycan xörəklərindən ibarət bayram süfrə açılıb.

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 11.