Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı başa çatdı

 

Ölkəmizin ev sahibliyi etdiyi daha bir musiqi bayramı tarixə qovuşdu. Martın 18-də Heydər Əliyev Sarayında Muğam aləmi IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirildi.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən biridir: Muğam bizim üçün tükənməz və bitməz böyük bir musiqi dünyasıdır. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi.

Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin böyük inkişaf yolu keçdiyini vurğulayaraq bildirdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər bu sahənin inkişafına böyük təkan verir. Qeyd olundu ki, muğam sənətimiz dərin köklərdən, mənəviyyatdan, böyük ədiblərin yaradıcılığından qidalanaraq müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxıb. Bu işdə mədəniyyətimizin, musiqi sənətimizin hamisi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna rolu var. Bu gün Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında özünə layiqli bir yer tutmaqla yanaşı, yeni nəfəs alıb.

Nazir musiqi bayramı barədə danışaraq festival çərçivəsində elmi simpoziumun, gənc ifaçıların beynəlxalq muğam müsabiqəsinin, paytaxt və bölgələrdə silsilə konsertlərin təşkil edildiyini diqqətə çatdırdı. Əbülfəs Qarayev festivalda gənc ifaçıların Azərbaycan xalqının böyük xəzinəsi olan muğam sənətinə öz dəyərli töhfəsini verəcəyinə əmin olduğunu bildirdi.

 

 

 

 

Sonra Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilmiş muğam müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Solo muğam ifaçılığı üzrə müsabiqədə birinci yerə xanəndə Aytən Məhərrəmova (Azərbaycan) və İsa Şoxri (İran), ikinci yerə İlhom İsmoilov (Özbəkistan) və Orxan Hüseynli (Azərbaycan), üçüncü yerə isə Lamekan ansamblı (Belçika/Türkiyə) və Gerbi Diyar Küyşiliri qrupu (Çin) layiq görüldü.

İnstrumental muğam ifaçılığı üzrə birinci yeri Azərbaycandan Aygül Həsənova (qanun), ikinci yeri İordaniyadan Tareq Cundi (ud) və həmyerlimiz Zərqələm Cəfərova (kamança), üçüncü yeri təmsilçimiz Tofiq Məmmədov (tar) tutub.

İrandan gələn xanəndə İbrahim Qulami, tacikistanlı Sitora Karamatullo və Azərbaycandan Xətai Hacıyev Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatına layiq görüldülər. Qeyd edək ki, Qran-pri mükafatı heç kimə təqdim edilmədi.

Qaliblərə diplompul mükafatları təqdim olundu. Mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi təqdim etdi.

Tədbirin sonunda qaliblərin iştirakı ilə qala-konsert keçirildi. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış etdi. Gecədə həmçinin bəstəkar Ruslan Ağababayevin Heydərbaba kantatasının premyerası da oldu.

Xatırladaq ki, martın 11-dən 18-dək davam edən Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. İki ildən bir keçirilən festivala bu il Azərbaycanla yanaşı, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər qatılıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 3.