Səttar Bəhlulzadənin yeni portreti aşkarlanıb

Xalq rəssamı Səttar Bəhlulzadənin obrazı, Səttar şəxsiyyəti bir çox rəssam və heykəltəraşları, şairləri cəlb edib. Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Elmira Şahtaxtinskaya, Tağı Tağıyev, Toğrul Nərimanbəyov, Vasili Necitaylo və başqa sənətkarlar böyük rəssamın şəxsiyyətinə, sənətinə olan sevgi və ehtiramın nümunəsi kimi onun portretlərini yaradıblar.

Səttar Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssamın ailə üzvü Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda S.Bəhlulzadənin daha bir portreti aşkarlanıb. Rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur.

Səttar Bəhlulzadənin ev-muzeyindən verilən məlumata görə, 1979-cu ildə çəkilmiş “Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı əsər (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.

Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir. Aşkar edilən əsər Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Mavi tonlarda işlənmiş portretdə S.Bəhlulzadə gənclik illərində təsvir edilib.

Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən portretin kətan üzərində eyni ölçülü surəti hazırlanıb.

 

Mədəniyyət.- 2015.-  1 may.- S. 16.