Zərif əllərin rənglər kəhkəşanı

 

XX yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycan təsviri sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə yeni rəssamlar nəsli yetişir, rəngkarlıq və qrafika sahəsində realist meyllər vüsət alır. Əsrin birinci yarısında fəaliyyət göstərən rəssamlar arasında qadın sənətkarlarımız da vardı. İlk professional rəssamlıq təhsilli fırça ustalarımızdan biri də Qeysər Kaşıyeva olub.

 

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflis şəhərində tacir ailəsində dünyaya göz açıb. Yeddi yaşında qızlar pansionuna daxil olub, sonra qızlar gimnaziyasında təhsilini davam etdirib. Erkən çağlardan rəsmlər çəkməyə maraq göstərən Qeysər tələbəlik illərində rəssamlığa daha çox bağlanıb. Eyni zamanda bədii qurama və toxuma işləri ilə də məşğul olub. Günlər, aylar bir-birini əvəz etdikcə o, püxtələşir və rəssam kimi şəhərdə tanınmağa başlayır.

“Molla Nəsrəddin” jurnalının karikaturaçı rəssamı Oskar Şmerlinq Qeysərin əl işlərinə baxır. Ona Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində təhsilini davam etdirməyi məsləhət görür. Cəmiyyətin sədri, rəssam Riçard Zommerdən Qeysər Kaşıyevaya rəssamlığın sirlərini öyrətməyi xahiş edir. Beləliklə, Qeysər 1907-1908-ci illərdə burada mükəmməl rəssamlıq təhsili alır. O, yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərindən dəvətlər alır. Keçirilən mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edir. Portret janrında çəkdiyi əsərlər Tiflisdə təşkil edilən sərgilərdə uğur qazanır.

Qeysər Kaşıyeva 1907-1915-ci illərdə akvarel, tuş, karandaş və kömürlə rəsm, portret və mənzərə janrlarında əsərlər (“Azərbaycan ziyalısı”, “Göl sahili”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu” və s.) yaradır. O, eyni zamanda “Şərq qadını” jurnalına da illüstrasiyalar çəkib.

Riçard Zommer Qeysərin istedadını dəyərləndirərək təhsilini Moskvada davam etdirməyi məsləhət görsə də, o, müəlliminin məsləhətini yerinə yetirə bilmir. Çünki o dövrdə bir müsəlman qızının yad şəhərdə oxuması müşkül idi. Ancaq Qeysər Kaşıyevanın şöhrəti gündən-günə artır. Tez-tez şəhərdə keçirilən müxtəlif rəssamlıq tədbirlərinə qatılır. Şəhərin tanınmış ziyalıları, şair və jurnalistləri ilə görüşür. Belə görüşlərin birində Qeysər xanım qazaxlı Çingiz bəyin oğlu polkovnik Şirin bəy Kəsəmənli ilə tanış olur. Atasının etirazına baxmayaraq, Şirin bəy Qeysər xanımla evlənir. Ləyiyə adlı bir qızları dünyaya gəlir. Lakin Ş.Kəsəmənli naməlum şəkildə qətlə yetirilir. Qeysər xanım bir yaşlı qızı ilə tək qalır.

Ümidi hər yerdən kəsilən fırça ustası çox çətinliklərlə üzləşir. Bir müddət müəllim işləyir. Daha sonra rayonda hərbi komissar vəzifəsində çalışan şuşalı Zülfüqar bəy Seyidbəyli ilə ailə qurur. Bu nikahdan bir qız övladları olur. Z.Seyidbəyli də yüzlərlə görkəmli ziyalımız kimi 30-cu illərin repressiyalarına məruz qalır, həbs edilərək güllələnir. Qeysər xanım da sürgünə göndərilir. Ömrünün ən gözəl illərini həbs düşərgəsində keçirir. Övladları qoca nənəsinin himayəsində qalır. Əsərləri isə müsadirə edilərək yandırılır. 1942-ci ilədək sürgündə məhrumiyyətlərlə üz-üzə qalan rəssam 1956-cı ildə bəraət alır və vətənə dönür. İllərlə həsrətini çəkdiyi övladlarını başına yığaraq sevimli sənətini davam etdirir.

Çəkdiyi zilləti qızları və əsərləri ilə ovunduran Qeysər Kaşıyeva 1972-ci ildə Bakıda vəfat edib. Sənətşünaslar fırça ustasının əsərlərini təsviri sənətimizə böyük töhfə hesab edirlər. Bu gün rəssamın bir çox əl işi Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyevanın qiymətli rəsm əsərləri təsviri incəsənətimizin müəyyən dövrünü öyrənmək baxımından çox əhəmiyyətlidir. Adı nəinki Azərbaycanda, eləcə də Şərq dünyasında ilk peşəkar qadın rəssam kimi tarixə düşən Qeysər Kaşıyeva çətin və mürəkkəb bir tale yaşasa da, şərəfli ömrü və bir-birindən maraqlı əsərləri onu sənətsevərlərin qəlbində yaşadır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 15.