Şəhər turlarının əhatə dairəsi genişlənir

 

 «City Sightseeing Baku» şirkətinin əməkdaşlıq etdiyi mehmanxanaların sayı 16-ya çatıb

Dünya miqyasında şəhər turları təşkil edən “City Sightseeing Worldwide” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan «City Sightseeing Baku»nun əməkdaşlıq etdiyi paytaxt hotellərinin sırasına daha biri əlavə olunub. Bu barədə şirkətin baş direktoru Əfsun Əhmədov bizimlə söhbətində bildirdi.

 

Onun sözlərinə görə, aprelin 29-da «Shah Palace» mehmanxanası ilə bağlanan müqaviləyə əsasən şirkətin şəhər turlarına bilet satışı burada da reallaşdırılacaq. Bununla «City Sightseeing Baku» şirkətinin əməkdaşlıq etdiyi mehmanxanaların sayı 16-ya çatıb: «Biz mütəmadi olaraq turist qəbul edən və aktiv fəaliyyəti ilə seçilən mehmanxanalarla işləməyə üstünlük veririk. Bu həm hotellər tərəfindən turistlərə göstərilən xidmətin artırılmasıdır, həm də paytaxtımızın qonaqları üçün bir rahatlıqdır ki, bir marşrutla şəhərin bütün görməli yerlərini gəzə bilirlər. Mayda və yay aylarında açılışı planlaşdırılan «Bulvar Hotel», «İnturist» və «Tramp» hotelləri ilə də danışıqlar aparırıq. Çalışırıq daha çox hotellə əməkdaşlıq edək».

Əfsun Əhmədov turizm şirkətləri ilə də əlaqələrinin sıx olduğunu, onların gətirdiyi turist qrupları üçün şəhər turları təşkil etdiklərini bildirdi.

Həmsöhbətimiz rəhbərlik etdiyi şirkətin tətbiq etdiyi yenilik barədə də məlumat verdi. May ayının 1-dən etibarən «City Sightseeing Baku» avtobuslarının paytaxt üzrə nəzərdə tutulmuş marşrutuna daha biri əlavə olunacaq. Yeni dayanacaq «Port Baku» adlanır: «Hazırda «City Sightseeing Baku» avtobuslarının marşrutu Azadlıq meydanından başlayıb Muzey Mərkəzində yekunlaşaraq ümumilikdə 15 dayanacağı əhatə edir. Mayın 1-dən marşruta 16-cı dayanacaq əlavə olunacaq.

Qeyd edək ki, «City Sightseeing Baku» avtobusları qış mövsümündə hər gün saat 11:00-dan 20:00-dək, yay mövsümündə isə saat 22:00-dək təyin olunmuş marşrut üzrə 45 dəqiqə intervalla hərəkət edir və hər nöqtədə 2-3 dəqiqə dayanır. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində «hop on - hop off» sistemi ilə istifadə etmək olar. Hər bir sərnişin istədiyi dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam etdirə bilər. Avtobuslarda ekskursiyalar xüsusi avadanlıq vasitəsilə 8 dildə səsləndirilir. Hazırda turlar 3 avtobus vasitəsilə həyata keçirilir. Biletlər əcnəbilər üçün 20 manat, yerli vətəndaşlar üçün 10 manat, 16 yaşına qədər uşaqlar, təqaüdçülər, tələbələr üçün 5 manat, 6 yaşa qədər uşaqlar, əlil insanlar, mətbuat işçiləri, hotel əməkdaşları və turizm şirkətlərinin nümayəndələri üçün pulsuzdur.

«City Sightseeing Baku» şirkəti 2014-cü ilin aprel ayından ilin sonuna qədər olan fəaliyyəti dövründə 16500 nəfərə xidmət göstərib. Bunun 6200 nəfəri xarici turistlər olub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 9.