Bakı-2015in məşəli cənub bölgəsindədir

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin ölkə üzrə səyahəti davam edir. Naxçıvandan sonra məşəl cənub bölgəsinə gətirilib.

Avropa Oyunlarının rəmzinin bölgə üzrə səyahəti Lənkərandan başlanıb. Burada Alov festivalı keçirilib. Mərasimdə İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib. Heydər Əliyev parkında baş tutan festivalda konsert proqramı və alovla şoular göstərilib. Minlərlə şəhər sakininin izlədiyi festival Naxçıvanda olduğu kimi atəşfəşanlıqla başa çatıb. Məşəlin Lənkəran səyahəti Göyşaban kəndində xalq sənətkarlığı şəhərciyi, Mayak abidəsi, Haftoni qəsəbəsi çay plantasiyasından keçib. Estafetdə yerli idmançılara Avropa Oyunlarının idman elçisi Suğra Müqabilzadə və ulduz elçisi Hacı Nuran da qoşulub.

Məşəlin növbəti səfəri Lerik və Astara rayonları olacaq. Burada Avropa Oyunlarının qarşılanma mərasimi mayın 1-də gerçəkləşəcək.

Qeyd edək ki, I Avropa Oyunlarının aprelin 26-da Bakıdakı Atəşgah məbədində alovlandırılan məşəli 47 gün ərzində Azərbaycanın 60 şəhər və rayonunu gəzəcək.

Estafetə min nəfərdən çox məşəlçi cəlb olunub, 15 regionda Alov festivalının keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq. Avropa Oyunları məşəlinin ölkə üzrə səyahətində ümumilikdə 5500 kilometr məsafə qət ediləcək.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 8.