“Nasizmə qarşı birlikdə idik”

Moskvada Qələbənin 70 illiyinə həs olunmuş sərgidə Azərbaycan da təmsil olunur

 

Aprelin 28-də Moskvadakı Böyük Vətən Müharibəsi Muzeyində Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyevin iştirakı ilə "Birlikdə əldə edilmiş Qələbə" forumu çərçivəsində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar "Nasizmə qarşı mübarizədə birlikdə idik" adlı sərgi açılıb.

 

Layihəyə əsasən sərginin təşkili üçün SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılıb və burada hər respublikanın Böyük Vətən müharibəsində rolunu əks etdirən tarixi materiallar təqdim olunur.

Azərbaycana həsr olunmuş ekspozisiyanın təşkili məqsədilə nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva, Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova və tərtibatçı rəssam Samir Rzayev Moskvaya ezam ediliblər.

Ekspozisiya "Azərbaycanın qızıl ulduzları", "Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qəhrəmanlığı", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" və "416-cı Taqanroq atıcı diviziyası" bölümlərindən ibarətdir. Ekspozisiyada dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan, ölkə başçısının veteranlarla görüşlərindən bəhs edən fotolar da yer alıb. Həmçinin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarından görkəmli rəssamlar Tahir Salahov, Mikayıl Abdullayev və Vidadi Nərimanbəyovun Böyük Vətən müharibəsinə həsr etdikləri əsərlər, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycan Milli Arxivindən fotolar nümayiş etdirilir.

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev Azərbaycan ekspozisiyası ilə yaxından tanış olub. Baş nazirə Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar, Qələbənin əldə olunmasında Bakı neftinin rolu, Azərbaycanın görkəmli rəssamlarının əsərləri barədə məlumat verilib. D.Medvedyev ekspozisiyanı yüksək qiymətləndirib və nümayəndə heyətini təbrik edərək öz təşəkkürünü bildirib.

Sərgi zamanı qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap edilmiş Azərbaycan rəssamlarının Böyük Vətən müharibəsi mövzusunda əsərlərinin kataloqu və CD-lər paylanılıb.

Qeyd edək ki, sərgi 2015-ci ilin 18 oktyabr tarixinədək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 4.