Misir Mədəniyyət Mərkəzində görüş

Aprelin 27-də Misir Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, uşaq yazarları Reyhan İbrahimqızı, Gülzar İbrahimova və kitabxananın bir sıra əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Mərkəzin müdiri Əhməd Sami Elaydi qonaqlara qurumun tarixindən, fəaliyyət istiqamətlərindən, Azərbaycan və Misir arasında mədəni əlaqələrdən söhbət açıb. Öz növbəsində kitabxananın direktoru Ş.Qəmbərova mədəniyyət ocağının tarixindən, uşaq ədəbiyyatının təbliğində xidmətlərindən danışıb.

Söhbət əsnasında uşaq ədəbiyyatı sahəsində bir sıra təkliflər müzakirə edilib. Respublika Uşaq Kitabxanasında Misir guşəsinin yaradılması, uşaqlar üçün Misir mədəniyyətini əks etdirən sərgilərin təşkili, Misir uşaq nağıllarının və hekayələrinin Azərbaycan dilinə tərcümə olunması və s. barədə fikir mübadiləsi aparılıb. Kitabxana adından Misir Mədəniyyət Mərkəzinə F.Köçərlinin “Balalara hədiyyə” kitabı, Azərbaycan xalçaçılığını əks etdirən kataloq və uşaq jurnalları hədiyyə edilib.

 

Mədəniyyət.- 2015.- 1 may .- S. 4.