“Qafqazlı qardaşqızı” səhnəyə çıxacaq

 

Azərbaycan Dövlət Musiqili Teatrında yeni səhnə əsərinin məşqlərinə start verilib. Teatrın rus bölməsində SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının tamaşası hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.

Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyədək Moskva, Sankt-Peterburq, Riqa, Nalçik və Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.

“Bu operetta mənim üçün çox dəyərlidir. 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu operettası milli musiqi mədəniyyətimizin klassikasıdır. Mədəniyyət və Turizm Nazirliyinə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan “Qafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması bəstəkarın yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq”, - deyə Əli Usubov bildirib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Əsas rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Marina Litvinenko və başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 7.