“Milli mətbəx paytaxtı”nın yeni günləri

 

Ölkəmiz iyun ayında ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Aprelin 26-da “Atəşgah” məbədində Oyunların məşəlinin yandırılması Qax rayon sakinlərinin də qəlbini qürur hissi ilə doldurmuşdur. Avropa Oyunları zamanı ölkəmizə gözlənilən turist axını nəzərə alınaraq Qax Rayon Mədəniyyət və Turizm Şöbəsində bir sıra tədbirlər həyata keçirilir.

Şöbə tərəfindən fevral ayından Heydər Əliyev Mərkəzində bələdçilik kursu təşkil edilmişdir. Kursa müvafiq təhsilə malik və xarici dil bilən 15 gənc cəlb olunub. Rayonun tarixi məkanları, gəzməli-görməli yerləri, turizm obyektləri ilə bağlı məlumatlar elektron formada hazırlanaraq dinləyicilərə təqdim edilmişdir. Kurslara ingilis və rus dili mütəxəssisləri də cəlb olunmuşdur.

Hazırda yay turizm mövsümü ərəfəsində turizm obyektlərində canlanma hiss olunur. Rayonda “El resort” turizm və istirahət mərkəzinin yeni binasının və “Səngər qala” istirahət mərkəzi üçün binanın tikintisi başa çatdırılmışdır.

Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qax şəhəri 2015-ci ilin “Milli mətbəx paytaxtı” elan olunub. Mədəniyyət və Turizm Şöbəsi tərəfindən turizm obyektlərində rayona məxsus mətbəx nümunələrinin turistlərə təklif edilməsi tövsiyə olunmuşdur. Turistlər üçün rayonun mətbəx nümunələrindən bəhs edən bukletlər hazırlanır.

 

Dilarə Əzizova,

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 12.